Qolu açıq halda hicab geyinmək olarmı?

    13.02.2014
Kimdən: 
Lalə
Sual: 
Salam aleykum. Bir qadın qapalı geyinir Allah qadını belə qəbul edərmi? Yəni yayda qolu açıq qısa örtülü. Allah sizdən razı olsun.
Cavab: 

Aleykum salam. Qolu açıq halda hicab geyinmək olmaz. İslamda qadın üçün örtünmə qaydası "ən-Nur" surəsində izah edilir. Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir. Uca Allah buyurur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (ən-Nur, 31).
Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əsmaya (Allah ondan razı olsun): "Ey Əsma, qadın həddi-büluğ dövrünə çatdığı vaxt ondan görünən olan ancaq budur (bu olmalıdır)", - demiş və öz mübarək üzü və əlini göstərmişdir".

Teqlər: 
Paylaş: