Aşağıdakı ayənin nə üçün bir hissəsini kəsib başqa mənada yazırsınız?

    21.05.2016
Kimdən: 
İ
Sual: 
Salamu aleykum Uca Allah Həşr surəsinin 7-ci ayəsində Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir deyir burda Allah qənimətlər barədə insanlara Peyğəmbər sizə nəyi verirsə onu götürün nəyi qadağan edirsə ondan çəkinin deyir.Burada söhbət qənimətlərdən getdiyi halda niyə ayənin həmin hissəsini kəsib peyğəmbərdən gələn rəvayətlərlə əlaqələndirirsiz.Axı burada sözü gedən məsələ qənimətlərlə əlqdir.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
Bu ayədə "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin" hissəsi ümumən bütün məsələlərdə Allah Rəsuluna (Allahın ona və ailəsinə salavatı və salamı olsun) tabeçiliyi əmr edir. Səhabələrdən Abdullah ibn Məsud, Abdullah ibn Abbas və Abdullah ibn Ömər (Allah onlardan razı olsun) bu ayəni bu cür izah etmişlər. Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə buyurmuşdur: "Allah döymə döyəni və döydürəni, qaş alanı və aldıranı, gözəllik üçün Allahın yaratdığını dəyişərək dişlərini aralayanı lənətləmişdir". Bu xəbər Bəni Əsəd qəbiləsindən olan Ummu Yaqub adlanan bir qadına çatdı. O, Quran oxuyan bir qadın idi. O qadın İbn Məsudun yanına gələrək belə dedi: "Bu nədir, mənə sənin döymə döyəni və döydürəni, qaş alanı və aldıranı, gözəllik üçün Allahın yaratdığını dəyişərək dişlərini aralayanı lənətlədiyinin xəbəri çatmışdır?!" Abdullah (Allah ondan razı olsun) belə buyurdu: "Nə üçün Allah Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) lənətlədiyini lənətləməli deyiləm ki?! Həm də bu Allahın Kitabında belədir". Qadın ona belə dedi: "Mən bu Mushafın (Quranın) bu iki üz qabığı arasında olanı oxumuşam, lakin buna rast gəlməmişəm". Abdullah (Allah ondan razı olsun) ona belə buyurdu: "Əgər sən onu oxusaydın, ona rast gələrdin. Uca Allah buyu­rur: "Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin". (əl-Həşr, 7). Qadın belə dedi: "Mən sənin dediyin bu şeyləri indi sənin qadının üzərində görürəm". Abdullah (Allah ondan razı olsun) ona: "Get, bax!" - deyə buyurdu. Qadın Abdullanın qadının yanına daxil oldu və heç bir şey görmədi. Onun yanına qayıdaraq dedi: "Bir şey görmədim!" Abdullah (Allah ondan razı olsun) belə buyurdu: "Əgər dediyin kimi olsaydı, biz onunla bir yerdə olmazdıq". (Muslim, 5695). 
Quranda da bu ayəni təsdiqləyən bir çox başqa ayələr var: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31); "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!" (əl-Əhzab, 36); "Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir". (ən-Nisa, 115) və s.

Teqlər: 
Paylaş: