Cümə namazı neçə rükətdir və nə vaxt qılınır?

    14.02.2014
Sual: 
Salam aleykum . Cümə namazı neçə rükətdir və saat neçədə qılınır?
Cavab: 

Və aleykum Salam, Cümə namazı məsciddə camaatla birlikdə qılınan iki rükətli namazdır. Zöhr namazının vaxtında qılınır. Bəzi məscidlər gələn insanlara rahat olması üçün vaxtı müəyyən qədər gecikdirirlər. Namazdan əvvəl imam dini mövzuda xütbə (söhbət) deyir. Kişilərə cümə namazına getmək 5 vaxt namaz kimi vacibdir. Qadınlar isə istəsələr, gedə bilərlər.
Uca Allah buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" (əl-Cumuə, 9).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Bəzi camaatlar ya cüməni tərk etmələrinə son qoysunlar, ya da Allah onların qəlbinə möhür vurar, sonra qafillərdən olarlar". (Muslim, 865). Başqa hədisdə buyurur: "Heç bir üzürlü səbəb olmadan səhlənkarlıq ucbatından (ardıcıl olaraq) üç cüməni tərk edənin Uca Allah qəlbini möhürləyər". (Əbu Dəvud, 1052).
Cümə namazı zöhr namazını əvəz edir və cümədən sonra zöhr namazı qılınmır. Yalnız üzrlü səbəbdən Cümə namazına gedə bilməyəndə 4 rükət zöhr namazını qılmaq lazımdır.

Teqlər: 
Paylaş: