Namaz qılarkən düz qılmamağımla bağlı şübhələrə düşürəm, nə edim?

    15.12.2017
Sual: 
Salam.Əvvəlcədən Allah sizdən razı olsun.Mənim 15 yaşım var.Mən 13 yaşımdan bəri namaz qılırdım.Amma bu il may ayından namaz qıla bilmirəm.Nə vaxt namaz qılmaq istəyirəm,nəsə olur.Fikirləşirəm ki məğzubi yox məğdubi demişəm deməli namaz batildir.Fikrim yayınıb deməli namaz batildir.Ağlıma pi-pis şeylər gəlir.Fikir gəlir ki guya ayaqyolunda düzgün istibra etməmisən paltarına sidik damcısı dəyib.Namaz qılrıam ortasına çatanda fikirləşirəm ki,mən arada ya Rukunu ya da Təkbiri deməmişəm.Belə qıldıqdan sonra öz-özümə pis oluram ki,indi mən səhv qılmışam.Dəstəmaz alanda şübhəyə düşürəm.Şeytan məni tora salmaq istəyir.İndi qıla bilmirəm.Çox xahiş edirəm mənə kömək edin.Allaha and içmişəm ki qılacam
Cavab: 
Va aleykum Salam. Sadaladığınız məsələlər şeytanın vəsvəsələrindəndir. Ona görə də bu cür vəsvəsələrə heç bir önəm vermədən, fikrini bununla məşğul etmədən namaza davam etmək lazımdır, çünki vəsvəsə ilə mübarizə aparmağın yolu ona fikir verməməkdir. Fikir verməyə başladıqda isə o daha da çoxalır. Namazda vəsvəsə gəldikdə "əuzu billəhi minəş-şeytani racim" deyərək sol tərəfə üç dəfə yüngül tüpürmək və namaza davam etmək lazımdır. Gün ərzində isə Allahı çox zikr etmək, həmçinin səhər və axşam zikrlərini oxumaq, Quran oxunmasına qulaq asmaq, Quranın mənaca tərcüməsini oxumaq və elmi artırmaq lazımdır. Namazı isə heç bir halda dayandırmaq olmaz. Həmçinin "məğdubi" Fatihə surəsinin sonuncu ayəsindəki sözlərdən biridir və əslində siz "məğzubi" yox, elə "məğdubi" oxumaqla düzgün edirsiniz. Çünki, həmin sözün üçüncü hərfi "za" yox, "dad"dır və bunların hər ikisi də təcvid (Quran oxuduqda hər bir hərfin haqqını vermək) elminə görə fərqli məxrəclərdən çıxırlar. Hətta bilmədən "məğzubi" deyərək səhv oxusanız belə, bu hal namazı batil etmir. Bilmədən belə hərf xətalarına və digər qeyd etdiyiniz səhvlərə yol versəniz, onda səhv səcdəsi etməniz kifayətdir. Səhv səcdəsi salamdan əvvəl və ya salamdan sonra da edilə bilər. Allaha dua edirik ki, sizə kömək olsun və sizi dində sabit etsin!
Paylaş: