Quranda surələrinin neçəsi Məkkədə, neçəsi Mədinədə nazil olub?
Sual:
Salam aleykum.Qurandakı surelerin neçəsi mədinədə neçəsi məkkədə nazil olub
Cavab:
Va aleykum Salam. Bu məsələ islam alimləri arasında ixtilaflıdır. Bəzi təfsirçilər demişlər ki, Quranın təxminən 90 surəsi Məkkədə, 24 surəsi Mədinədə, bəziləri də demişlər ki, 86 surəsi Məkkədə, 28 surəsi də Mədinədə nazil olmuşdur. Alimlər Qurani Kərimdə olan surələri nazil olmasına görə iki qismə ayırmışlar.
1. Məkki (Məkkədə nazil olan) surələr
2. Mədəni (Mədinədə nazil olan) surələr
Surələrin Məkki və Mədəni olaraq adlandırılması səhabənin zamanından başlamışdır. əl-Buxarinin "Səhih" kitabında İbn Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət olunmuşdur: "Vallahi! Allahın kitabında nazil olan elə bir surə yoxdur ki, mən onun harada nazil olduğunu bilməyim".
Alimlər surələrin Məkki və Mədəni olmasını aşağıdakı 3 görüşə əsasən təyin edirlər.
1. Alimlərin çoxluğun rəyinə görə Peyğəmbərin (salləllahu sleyhi va səlləm) hicrətindən öncə nazil olmuş surələr Məkki, onun hicrətindən sonra nazil olmuş surələr isə Mədənidir.
2. Bəzi alimlərin rəyinə görə isə zaman çərçivəsi olmadan Məkkə və ona yaxın ərazilərdə nazil olmuş surələr Məkki, Mədinə şəhəri və ona yaxın ərazilərdə nazil olmuş surələr isə Mədəni surələrdir.
3. Başqa bir qisim alimlərə görə isə Məkkə əhalisinə müraciətlə nazil olmuş ayələr Məkki, Mədinə əhalisinə nazil olmuş surələr isə Mədənidir. Bu görüşə əsaslananlar bəzi tabiinlərdən (səhabələrin ardıcılları) rəvayət olunan rəyə əsaslanırlar. Onlara görə "Yə Eyyuhə-n-Nəs - ey insnalar", yaxud "yə bəni ədəm - ey adəm övladı" kimi olan müraciətlər Məkki, "yə eyyuhəl-ləzinə əmənu - ey iman edənlər" kimi müraciət olunanlar isə Mədəni surələrdir. Ancaq bunun doğru olmadığını isbat edən alimlər deyirlər ki, elə surələr vardır ki, orada heç bir müraciət ayəsi yoxdur, o zaman onun Məkki və Mədəni olmasını bu qayda ilə müəyyən etmək mümkün deyildir. Həmçinin elə Mədəni surələr vardır ki, orada müracət "ey insanlar" olaraq başlayır. Buna misal Nisa surəsinin ilk ayəsini göstərmək olar: "Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun...!" (ən-Nisa, 1).
Bununla yanaşı elə Məkki surələr vardır ki, orada "ey iman edənlər" şəklində müraciət forması vardır. Əksər alimlərə görə Həcc surəsi Məkkidir və orada bu ayəyə rast gəlinir.
Yuxarıda da qeyd etdiyimiz kimi birinci görüş slimlərin çoxunun görüşüdür və ətraflı dəlillərlə alimlər tərəfindən izah olunur. Bu görüşə əsasən hicrətdən sonra surə yaxud ayə Məkkədə nazil olsa belə o Mədəni sayılır. Məsələn, Maidə surəsinin 3-cü ayəsi Məkkədə nazil olsa da, hicrətdən sonra nazil olduğu üçün mədəni sayılır.
"...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim...". (əl-Maidə, 3).
Yaxud Fəth surəsi Məkkəyə yaxın ərazi olan Hudeybiyyədə nazil olsa da yenə də zaman baxımından Mədəni sayılır. Alimlər surələrin Məkki və Mədəni olaraq bilinməsində olan hikməti aşağıdakı kimi izah edirlər: Onlardan ən əsası:
1. Dəvətçilər üçün tərbiyəvi əhəmiyyəti. Hətta dəvətdə mərhələləri bilsin və ilk öncə nədən dəvət etməli olduğunu harada asanlıqla harada şiddətlə yanaşmalı olduğunu Quranın nazil olması ardıcıllığı ilə dərk etsin.
2. Şəriətin insanlara mərhələli olaraq çatdırılması və şəri icraatlara müəyyən zaman çərçivəsində tətbiqinə yol açması. (Toplumun ümumi şəriət qaydalarının qəbuluna psixoloji hazırlığı).
3. Nəsx (bir şeyin hökmünü silmək) və Mənsuxu (artıq hökmü silinib qüvvədən düşüb mənasına gəlir) elmini bilmək. Belə ki, hökm baxımından sonra gələn ayə özündən öncə gələn ayəni nəsx edər.
Yuxarıdakı izahdan da açıq-aşkar göründyü kimi Məkki və Mədəni surə və ayələrinin bilinməsi onların bu cür adlandırlması hikməti səbəbi ilə birinci görüşə tam uyğundur. Çünki surələrin hicrətdən öncə və sonra endirilməsini bilməklə bu hikmətləri anlamaq olar. Həmçinin oxuyun: