Dəstəmaz necə alınır?

    10.03.2014
Kimdən: 
Leyla
Sual: 
Salam aleykum. Her bir kitabda muxtelif cur destamaz alma qaydalari var, amma eslide nece alinir?
Cavab: 

Və aleykum Salam. Dəstəmaz almaq qaydasına buradan baxa bilərsiniz:
Namaz qılmaq və dəstəmaz almaq qaydası - VİDEO

Dəstəmaz almağın qaydası aşağıdakı kimidir:
1. Niyyət etmək: Qəlbində dəstəmaz almaq məqsədinin olması (Məsələn, sadəcə sərinləmək yox, dəstəmaz almaq məqsədi). Niyyət dillə deyilmir
2. Allahın adını çəkmək: bu dəstəmaz almağa başlayandan əvvəl "bismilləh" (Allahın adı ilə) deməkdən ibarətdir.
3. Əlləri yumaq: bu, əlləri biləyəcən yumaqla başlanıb, suyun barmaqların arasını yaxşı islatmasını tə'min etmək üçün bir əlin barmaqları ilə o birinin barmaqlarının aralarını yumaqdan ibarət bir hərəkətdir.
4. Ağzını yaxalamaq (qarqara etmək): bu suyu ağızda sağ əlin ovucunun köməyi ilə hərəkət etdirərək ağızı yumaqdır.
5. Buruna su çəkmək (istinşaq): bu, sağ əlin ovucunun köməyi ilə suyu ilə burunun dərinliyinə çəkməkdir. Burada bir şeyi qeyd etməyi lazım bilirik ki, ağzını yaxalamaq və buruna su çəkmək üçün su hər dəfə tək bir əlin ovucuna götürülməlidir, bunu iki əllə etmək olmaz.
6. Suyu burundan xaric etmək (istinsar): bu, buruna çəkilmiş suyu sol əlin köməyi ilə nəfəsini təzyiqlə bayıra verməklə burundan xaric etməkdir.
7. Üzünü yumaq: bu, üzün başın tüklü yerindən çənənin və ya saqqalın ucundan uzununa və qulaqların dibinədək eninə üç dəfə suyun üzün bütün yerlərini islatması şərtilə yuyulmasıdır. Saqqal saxlayanlar suyu saqqalın tükləri arasına yeritsələr yaxşı olar. Çünki hədisdə deyilir: "Allahın Elçisi (salləllahu aleyhi və səlləm) saqqalını barmaqları ilə daraqlayıb dibini isladardı". (ət-Tirmizi).
8. Əllərin dirsəklərəcən yuyulması: əvvəl sağ əlin, sonra sol əlin dirsəklərəcən üç dəfə yuyulmasından ibarətdir.
9. Başa əl (məsh) çəkilməsi: bu, əlini bütünlüklə başa qabaqdan arxayadək çəkməkdən və sonra əlini bu hərəkətə başladığı yerəcən qaytarmaqdan ibarətdir. Bundan sonra şəhadət barmaqlar qulaqların içinə salınıb, baş barmaqlarla qulaqların ardı sürtülməlidir. Axı Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qulaqlar da başa aiddir". (İmam Əhməd və Əbu Dəvud).
Abdullah bin Zeydin (Allah ondan razı olsun) hədisində başa məsh çəkilməsi belə təsvir edilir: "...o Peyğəmbər (salləllahu aleyhi və səlləm) əllərini başının qabağından başlayıb arxasınadək çəkdi və sonra onları başladığı yerəcən qaytardı". (əl-Buxari və Muslim).
10. Ayaqları topuqlaracan, ayaq barmaqlarının arasına çeçələ barmağı salıb yumaq deməkdir.
Bütün bunlara dəlil Osman ibn Affanın (Allah ondan razı olsun) hədisidir. Orada deyilir ki, Osman (Allah ondan razı olsun) adamları çağırıb dəstəmaz üçün su gətirdərək burada göstərildiyi kimi dəstəmaz almış, sonra demişdir: "Mən Allahın Elçisinin (salləllahu aleyhi va səlləm) belə dəstəmaz aldığını görmüşəm". (əl-Buxari və Muslim).

Paylaş: