Quranda oğurluqla bağlı ayə düzgün tərcümə edilibmi və xəvariclər kimlərdir?

    24.11.2018
Kimdən: 
Behlul
Sual: 
Esselemu aleykum varahmetullahi qardawlar quranda ogurluq edenin elinin kesilmesi doqru tercume olunub? yeni sunnet inkarcisi olan sapiqlar deyir ki el kesmey deyilen bir wey yoxdu orda yeni aye duzgun tercume olunmayib deyiller. yeni o ayeni ereb dilinde yazib anlatinda mene birde ki qardawlar dovrumuzde xavaric kimlere deyilir eger haqqi deyen xavaric olursa bes xavaricler kimlerdi?????????????
Cavab: 
Və aleykumus-Sələm və rahmətullahi və bərakətuhu. Sünnəni inkar etmək Quranı inkar etməyə bərabərdir və böyük küfrdür. Şübhə yoxdur ki, qeyd etdiyiniz ayə də düzgün tərcümə olunub. Uca Allah buyurur: "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (əl-Maidə, 38). 
Bunu sübut edən kifayət qədər səhih hədislər də mövcuddur. Aişə (Allah ondan razı olsun) rəvayətinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dinarın (pul vahidi) dörddə biri və ondan çox məbləğə görə oğrunun əlini kəsərdi". (əl-Buxari, 6789, Muslim, 1684).
Aişə (Allah ondan razı olsun) deyir ki, Qureyşlilər əl-Məxzum qəbiləsindən olan oğurluq etmiş qadının əfv edilməsini istəyirdilər. Onlar öz aralarında dedilər: "Bu haqda Peyğəmbərlə kim söhbət edə bilər? Sonra belə qərara gəldilər ki, bunu yalnız onun ən əziz yaxını olan Usamədən (Allah ondan razı olsun) başqa heç kəs cürət edə bilməz. O, Peyğəmbərlə bu haqda söhbət etdi. Cavab isə belə oldu: "Sən Allahın təyin etdiyi cəzaya görə şəfaətçi olmaqmı istəyirsən?" Sonra qalxıb insanlara xitab edərək dedi: "Ey insanlar, sizdən əvvəlki ümmətlərin yollarını azmalarına səbəb adlı-sanlı insanlar oğurluq etdikdə onları əfv edib, zəif insanlar oğurluq etdikdə isə onları cəzalandırmaları idi. Allaha and olsun ki, əgər Muhəmmədin qızı Fatimə oğurluq etsəydi, Muhəmməd onun əlini kəsərdi". (əl-Buxari, 12/87/ №: 6788; Muslim, 3/1315/ №: 1688).
Oğurluğa cəza təyin edilməsinin hikməti odur ki, oğurluq etməyin cəmiyyətə böyük zərəri vardır. Çünki oğurluq etməklə məşğul olmaq insanı şərəfli işlər görməkdən və halal ruzi qazanmaqdan yayındırır, insanı hər zaman alçaldıcı işlər görməyə sövq etdirir. Oğurluq edən adam etdiyi əməlinin cəzasını bildikdə oğurluqdan əl çəkər, doğru və halal yol ilə öz ruzisini qazanmaq haqda düşünər. İslam şəriəti oğurluğa cəza təyin etməklə insanların var-dövlətini mühafizə edir, ölkədə əmin-amanlığı bərqərar edir, fərd və toplum üçün halal qazanc və ruzi yollarını rahatlaşdırır. Beləliklə, hər kəs öz əlinin əməyi ilə gözəl və xoşbəxt yaşayır. Həmçinin oxuyun: 
Xəvariclik Qurandan, sünnədən, haqdan kənara çıxmaq və müsəlman toplumunu tərk etməkdir. Xəvariclər ərəbcə "xaracə" felindən əmələ gəlmiş xarici sözünün cəmidir. Xaracə - çıxmaq, xaric olmaq, xarici isə xaric olan deməkdir. Xarici deyildikdə, müsəlman camaatından ayrılıb özünə dəstə yaradan və ya yaran­mış belə bir dəstəyə qoşulan, dəlil-sübutsuz olaraq böyük günah sahiblərini kafir sayan və şəriətə zidd olan di­gər əx­laqları özündə cəm edən fasiq insanlar nəzərdə tutulur. Bu firqə müsəlmanlar arasında meydana gəlmiş ilk fir­qədir. Xəvariclər öz batil fikirlərini əsaslandırmaq üçün Quranın zahiri dəlillərinə etimad edirlər. Onların batil fikirləri zahirən həqiqət kimi görünsə də, onlar Quran ayələrindən şüar kimi istifadə edərək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yoluna yox, şeytanın yoluna uyur və bununla insanları azdırırlar. Onlar Uca Allahın razı qaldığı, Cənnətlə müjdələnmiş, İslam üçün canından və malından keçmiş, ölənədək Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sadiq olmuş Osman və Əli (Allah onlardan razı olsun) kimi iki böyük səhabəni kafir sayıb şəhid etmişlər. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) onları "cəhənnəmin köpəkləri" adlandırmışdır. Həmçinin, təkfiçilər, xəvariclər deyildikdə kafirlərə aid olan Quran ayələrini və hədisləri müsəlmanlara tətbiq edərək onlarla kafir kimi davranan, dində həddi aşmış və yolunu azmış insanlar nəzərdə tutulur. Onların bir çox əlamətləri var. Daimi narazılıq, hakimiyyətə qarşı olmaq, təkəbbürlü olmaq, dində həddən artıq sərt olmaq, onların fikrində olmayanlara kafir və ya murciə demək, namaz qılmayanı kafir saymaq, İslam alimlərinin və elm tələbələrinin sözlərini qəbul etməmək, Quran ayələrini və hədisləri öz nəfslərinə uyğun başa düşmək və s.
Peyğəmbər (salləllahu aleyhi və səlləm) onları səhih hədislərdə belə vəsf etmişdir. Əbu Səid (Allah ondan razımolsun) rəvayət edir ki, Əli Yəməndən təmizlənməmiş qızıl göndərmişdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) həmin qızılı dörd nəfər: Əqra ibn əl-Habis, Uyeynə ibn Bədr, Əlqamə ibn Aləsə və Zeyd əl-Xayr – arasında bölüb dedi: "Mən onları İslama isinişdirirəm". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu bölgünü etdikdə bəzi müsəlmanlar bundan xoşlanmayaraq dedilər ki, bizi qoyub, Nəcd vilayətinin varlılarına paylayır. Peyğəmbər öz növbəsində bunun səbəbini onlara açıqlayaraq bildirdi ki, burada məqsəd onları İslama isinişdirməkdir. Və hamı da bu fikirlə razılaşdı. Lakin bir nəfər çuxur gözlü, yanaq sümükləri uzun, alnı qabarıq, keçəl kişi Peyğəmbərin yanına gəlib, ona Allahdan qorxmağı əmr etdi. Peyğəmbər dedi: "Məgər mən yer üzü insanlarının Allahdan qorxmağa ən layiqli olanı deyiləmmi?!" Daha sonra Peyğəmbər dedi: "Bu insanın nəslindən olan bir dəstə insan olacaqdır. Onlar quran oxuyacaq, amma oxuduqları boğazlarından içəri keçməyəcəkdir. Onlar islamdan oxun şikardan çıxdığı kimi çıxacaqlar. Onlar bütlərə ibadət edənləri qoyub, İslam əhlinə qarşı döyüşəcəklər. Mən onları görsəm onlara qarşı amansızcasına mübarizə aparacam". (əl-Buxari, 8/67/ №: 4351; Muslim, 2/741/ №: 1064; Əbu Davud, 13/109/ №: 4738). Hədisdə deyilən həmin kişi, Zül-Xuveysira adlı bir nəfər idi. Onun belindən çıxan tayfa isə "Xəvaric" təriqətidir. 

 

Paylaş: