Allaha şərik qoşmaqdan tövbə etmişəm, amma ətrafımdakıları çəkindirmədiyimə görə günah qazanırammı?

    27.03.2019
Sual: 
Salam men bilmeden Allaha şərik qoşmusam ama gunah oldugunu bilen kimi tövbə etdim ama etrafimdakilar serik qosurlarsa bildiyim halda gunahdi bezen dedimyim insanlar bele Allaha serik qosmaq gunahdir desemdə bunu edirlersede bu mene gunah sayilirmi? bezen bunu eden adami görub susamda?2olüye salavat demek doğrumudur? eyer dogru deyilsə qebir ziyarətine gedende ne demek lazimdi?3bezen zulume mezüz qalanda Allahim meni öldür cəhənəmədə raziyam demesi gunahmidir? eyer gunahdirsa Rebimden nece bağislamasini istəyim?4nahrem qohumlar menle el verib görüsurlər mecubur olub bunu edirem ama sonra pesman oluram sizce ne edim?
Cavab: 
Və aleykum salam.
1. Bilmədən edilən bütün günahlar bağışlanır. Səmimi tövbə edərək bir daha o günahlara qayıtmamağa qəti qərar vermək lazımdır. Uca Allah buyurur: "Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: "Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs cahilliyi üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir". (əl-Ənam, 54).
Kimisə şirkdən və ya istənilən günahdan çəkindirməyə gəldikdə isə əgər bir insan hansısa bir əməlin günah olduğunu bilib ətrafındakıları ondan çəkindirməyə bacardığı, onlara tövsiyə etməyə imkanı olduğu halda bunu etməzsə, günah qazanır. Bacarmadığı halda isə ona günah yazılmaz. Lakin dəvət zamanı insan hikmətli, əxlaqlı, səbirli olmalı və həmin əməlin günah olmasını gözəl şəkildə bildirmək lazımdır. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Həmçinin oxuyun:
2. Bir insanın özü üçün ölüm istməsi, arzulaması icazəli deyildir. Ona görə də zülmə məruz qalan insanın "Allahım məni öldür, canımı al, cəhənnəmə də razıyam" və s. bu kimi ifadələr deməsi günahdır. İnsanın dünyada əzab-əziyyətinin nə qədər olmasına baxmayaraq bu, cəhənnəm əzabı ilə müqayisə edilə bilməz. Səhih hədislərdə ölümün istənilməsinə yalnız bir halda icazə verilib, o da əgər insan çox çıxılmaz bir vəziyyətə düşərsə, "Allahım, əgər həyatım və yaşamağım mənim üçün xeyirlidirsə, Sən məni yaşat, əgər ölümüm mənim üçün xeyirlidirsə, o zaman məni öldür" deyə Allaha dua bilər. Ancaq cəhənnəmi heç bir zaman istəməməlidir. Dinimiz bizə cəhənnəmi arzulamağı yox, əksinə ondan Allaha sığınmağı əmr etmişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır". (ət-Təhrim, 6).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də öz dualarında cəhənnəmdən Allaha sığınmışdır. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Mən namaz qılarkən Peyğəmbər bir işdən ötrü yanıma gəldi. Mən ləng tərpəndim. O dedi: "Ey Aişə! Çalış qısa və mənalı dualar edəsən!" O çıxıb gedərkən dedim: "Ey Allahın Elçisi! Qısa və mənalı dualar nədir?" O buyurdu: "De: "Allahummə inni əs'əlukə minəl-xayri kullihi acilihi və əcilihi mə alimtu minhu va mə ləm ə'ləm və əuzu bikə minəş-şərri kullihi acilihi va əcilihi mə alimtu minhu va mə ləm ə'ləm və əs'əlukəl-cənnətə və mə qarrabə iləyhə min qavlin av aməl və əuzu bikə min­ən-nari va mə qarrabə iləyhə min qavlin av aməl və əs'əlukə mimmə səə­lə­kə bihi Muhəmmədun və əuzu bikə mimmə təuzu min­hu Muhəm­mədun va mə qadəytə li min qadai, fəc'əl aqibətəhu ruş­dən.
Tərcüməsi: "Allahım! Xeyrin hamısını, istər dünyadakını, istərsə də Axirətdəkini, istər bildiklərimi, istərsə də bilmədiklərimi Səndən diləyirəm. Şərin hamısından, istər dünyadakından, istərsə də Axirətdəkindən, istər bildiklərim­dən, istərsə də bilmədiklərimdən Sənə sığınıram. Cənnəti və ona yaxınlaşdıran hər bir sözü və əməli Səndən diləyirəm. Cəhənnəmdən və ona yaxınlaşdıran hər bir sözdən və əməldən Sənə sığınıram. Muhəmmədin Səndən istədiyini mən də Səndən istəyirəm və Muhəmmədin Sənə sığındığı şeydən mən də Sənə sığınıram. Mənim üçün qəzavü-qədərdən nə hazırlamısansa, onun aqibətini gözəl et!" (əl-Buxari "Ədəbul-Mufrad", 639).
Belə bir əməli edən adam isə bağışlanması üçün Allaha dua və tövbə etməlidir. Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
3. İstənilən naməhrəmlə, qohum olsa belə əl-ələ tutmaq, üzündən öpmək, ümumiyyətlə hər hansı bir təmas icazəli deyil. Daha ətraflı:
Naməhrəm qohumlarla əl və üz ilə görüşməyi necə tərgidək?
Qadın kişi qohumları ilə bacı-qardaş kimidirsə, yenə də əllə görüşə bilməz?
Paylaş: