Ər "boşayıram" sözü demədən uzun müddət ailəsini atıb gedibsə, qadın başqa kişiyə ərə gedə bilərmi?
Va aleykum Salam. Hər şeydən əvvəl bunu qeyd edirik ki, ailə məsələləri hər iki tərəfin (ər və arvad) iştirakı ilə canlı şəkildə dinləməklə həll olunmalıdır. Ailə məsələsi çox dəqiq və məsuliyyətli məsələdir. Bu məsələdə hər bir detal nəzərə alınmalıdır, çünki tərəflərdən biri məsələni öz xeyrinə danışa və ya bəzi şeyləri gizlədə bilər. Lakin sualda qeyd edilənlərə əsasən bacardığımız qədər cavablandırmağa çalışacağıq:
Qadın, yalnız əri onu boşadığı təqdirdə boşanmış sayılır. Əgər kişi qadını boşamayıbsa, bu qadın hələ də evli sayılır. Evli qadınla isə evlənmək olmaz. Qadınla evlənmək istəyən kişi buna diqqət etməlidir. Yalnız qadının dedikləri ilə kifayətlənməməlidir. Qarşı tərəfi də dinləməlidir. Ola bilsin qadın ailə qurmaq üçün həqiqəti gizlətsin və məsələni öz xeyrinə danışsın. Əgər kişi həqiqətən qadının haqqlarını ödəmirsə, bu halda qadın öz vəlisinə (ata, qardaş, əmi, baba və s.) müraciət edərək kişidən ya ailəsinə baxmağı, ya da boşamağı tələb etməlidirlər. Çünki, kişinin qadını ona zərər vermək məqsədilə saxlaması haramdır. Uca Allah qadını ya gözəl şəkildə (şəriətə müvafiq qaydada) saxlamağı, ya da xoşluqla boşamağı əmr edərək buyurur: "Qadını ya şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir". (əl-Bəqərə, 229). Başqa bir ayədə isə buyurur: "Zərər vurmaq və təcavüz etmək məqsədilə onları (qadınları) saxlamayın. Kim bunu etsə, ancaq özünə zülm etmiş olar. Allahın ayələrini ələ salmayın. Allahın sizə olan nemətlərini, öyüd-nəsihət vermək üçün nazil etdiyi Kitab və hikməti yadınıza salın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi bilir". (əl-Bəqərə, 231). Ayədən göründüyü kimi belə etmək Allahın ayələrini ələ salmaq sayılır. Çünki belə edən kişi Allahın ayələrindən istifadə edərək qadına zülm edir.
Bu səbəbdən qadının vəliləri (ata, qardaş, əmi və s.) kişini axtarmağa cəhd etməlidir. Ondan ya ailəsinə qayıtmağı, ya da xoşluqla boşamağı tələb etməlidir. Əgər qadına zərər vermək məqsədilə imtina etsə, o zaman qaziyə müraciət edilir. Ölkəmizdə qaziləri dini rəhbərlər (məscid imamları, kənd ağsaqqalları və s.) əvəz edir. Həmçinin oxuyun:
Kişi boşanmağa razılıq vermirsə, necə boşanmaq olar?
Kişinin qadına "səni boşayıram" deməsi, daha sonra bunu etməməsi haqqında
Evli kişi, evli qadınla kəbin kəsdirə bilərmi?
Nikah
əl-Xulu