Duasız edilən tövbə qəbul olunurmu?

    16.12.2019
Kimdən: 
huseyn
Sual: 
tovbe duasiz edende hemen tovbe qebul olunur?
Cavab: 

Salam aleykum. Günahdan tövbə etmək peşman olmaqla, günahdan əl çəkməklə və gələcəkdə bu günahı etməmək əzmində olmaqla həyata keçirilir. Əgər edilən günahla kiminsə haqqı tapdalanırsa, bu zaman tövbəyə daha bir şərt - haqqı tapdalanan adamın halallığı əlavə olunur. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Tövbə peşman olmaqdır". Tövbə, asiliyi tərk edərək Allahın itaətinə qayıtmaqdır. Bu baxımdan tövbə edən dua etmədən və istiğfar diləmədən tövbənin şərtlərini yerinə yetirərsə, tövbəsi qəbul olunar. Lakin bununla yanaşı Allahdan bağışlanma diləməklə də tövbə etmək olar. Uca Allah buyurur: "O kəslər ki, bir pis iş gör­dükdə, yaxud özlərinə zülm et­dik­­də, Allahı xa­tırlayıb gü­nah­la­rının bağışlanmasını di­ləyər­lər. Axı gü­nahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gör­dük­ləri pis işlərdə bilə-bilə israr etməzlər. Onların mükafatı, Rəb­bin­dən ba­ğışlanma və al­tın­dan çay­lar axan cənnətlərdir ki, orada əbədi qala­caqlar. Yax­şı əməl sahiblərinin mü­kafatı necə də gözəldir!" (Ali İmran, 135-136).

Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə tövbə etmək və bağışlanma diləmək üçün xüsusi dualar öyrətmişdir. Bu dualardan biri də "Seyyidul-İstiğfər" (Ən üstün bağışlanma duası) kimi məşhur olan duadır. Şəddad ibn Ovs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Ən üstün istiğfar belədir: "Allahım, Sən mənim Rəbbimsən. Sən­dən başqa mə­bud yoxdur. Mə­ni Sən yaratdın və mən Sənin qulunam. Bacardığım qədər Sə­nə verdiyim əh­də və vədə sa­diq qalacağam. Etdikləri­min şərindən Sənə sığınıram. Mənə ver­­diyin neməti etiraf edirəm və günahımı boynuma alı­ram. Məni bağışla! Şüb­həsiz ki, günahları yal­nız Sən bağış­layırsan!" (Allahummə, əntə rabbi lə iləhə illə ənt, xaləqtəni və ənə abdukə və ənə alə ah­dikə və vədikə məs-tətətu, əuzu bikə min şərri mə sənətu. Əbuu ləkə bini­məti­kə aleyyə və əbuu ləkə bizənbi. Fəğfirli fə­ innə­hu lə yəğfiruz-zunubə illə ənt) (Sonra Peyğəmbər) bu­yurdu: "Kim gündüz vaxtı bu duanı yəqin­liklə deyər və hə­min gün axşam düş­məzdən əvvəl ölərsə, Cənnət əhlindən olar. Habe­lə kim axşam ikən bunu yə­qinliklə deyər və səhər açılmazdan əvvəl ölərsə, Cənnət əhlindən olar" (əl-Buxari, 6306). Tövbə üçün digər dualar da mövcuddur. 

Həmçinin, tövbə edərkən iki rükət namaz qılıb istiğfar diləmək də olar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demiş­dir: "Günah etdikdən sonra dəstəmaz alıb iki rükət namaz qılan və Allahdan günahına görə bağışlanma diləyən elə bir qul yoxdur ki, Allah onu bağışlamasın" (İbn Hibban, 623).

Həmçinin, tövbə etdikdən sonra yaxşı işlərə can atmaq günahların silinməsinə səbəbdir. Çünki yaxşı işlər günahları silib aparır. Uca Allah buyurur: "Gündüzün iki başında – əv­və­lində və axırında və ge­cə­nin bə­zi saat­la­rında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməl­ləri silib apa­rır. Bu, yada sa­lan­lar üçün bir xatırlatmadır" (Hud, 114). 

Tövbə barədə daha ətraflı bu linklərdən oxuyun:

Tövbə etsəm, Allah məni bağışlayarmı?

Tövbə namazı necə qılınır?

Bağışlanma diləmək üçün dualar

Necə və hansı duları edim ki, Allah məni bağışlasın!?

Teqlər: 
Paylaş: