Axirəti inkar edən valideynə qarşı münasibət necə olmalıdır?

    17.07.2019
Sual: 
Əssələmu Aleykum Valideyin Axirəti inkar edir təbliğ edəndə küfür edir təqqir edir ibadətlərə maniə olursa o Valideyin üçün bağışlanma diləməy olar mı? Belə valideyinə necə müsəlman deyə bilərəm axı mən zəhmət olmasa nəsihət edin
Cavab: 

Va aleykum salam. Hər bir insan ailəsini İslama dəvət etməli və bu yolda bütün gücünü sərf etməlidir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!...". (ət-Təhrim, 6).

Valideynlərdən şəriətə müxalif olan bir əməl gördükdə və ya söz eşitdikdə onlara səbirlə və gözəl bir tərzdə izah edin. Valideynin dinindən və əməlindən asılı olmayaraq onunla pis davranmaq böyük günahdır. Valideyn haqqı Allahın haqqından sonra insanın üzərinə düşən ən böyük haqdır. Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisi Əbu Talibi son nəfəsinə qədər dəvət etdi. Hətta Əbu Talib ölüm ayağında olduqda belə onun yanına gəlib onu İslama dəvət etdi. Sözsüz ki, Axirəti inkar etmək küfrdür, lakin valideyn belə bir şey deyərsə, dərhal ona kafir deməklə tərk etmək olmaz. Səbirlə, gözəl şəkildə dəvət etməyə davam etmək və onlar üçün Allahdan hidayət istəmək lazımdır. Quranda Uca Allah İbrahim Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) atası ilə olan hekayəsini qeyd edərək bizə valideynlə necə davranmağı öyrədir. Uca Allah buyurur: "Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi: "Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan". Atası dedi: "Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!" İbrahim dedi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım". (Məryəm, 41-47).

İbrahim peyğəmbər atası kafir olmasına baxmayaraq atasına "atacan" deyə müraciət etdi. Ona qarşı sərtlik göstərmədi. Onun üçün dua etdi. Buna görə də müsəlman valideynlərini İslama dəvət etməli, eləcə də gözəl davranaraq şəriətə müxalif olmayan işlərdə onlara itaət etməlidir. Bu yolda səbir etmək isə cihad etmək sayılır. Rəvayət edilir ki, bir nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və cihada getməsi üçün ondan icazə istədi. Peyğəmbər soruşdu: "Valideynlərin sağdırmı?" O dedi: "Bəli". Peyğəmbər buyurdu: "Elə isə sənin cihadın onların yanındadır". (əl-Buxari, 2842; Muslim, 2549). Həmçinin, bu cavabları oxuyun:

Axirətə inanmayanları necə inandıraq?

Ata-ananı incitməyin günahı barədə
Ata ilə küsülü qalmaq olarmı?

Paylaş: