Qadının kişi paltarı geyinməsi günahdırmı?

    18.12.2019
Sual: 
Qul haqqına girəndə allahdan həmin Qul üçün bağışlma istəsən kəffarə olaraq əvəz əvəz olur? Yəni boynunda qul haqqı qalır?2 mən özümü kişiyə bənzətmişəm kişi paltarı geyinirəm saçımı da kəsmişəm özümü belə rahat hiss eliyirəm anadan gəlmə başımda prablemlərim var qadın paltarı geyinəndə özümü pis hiss eliyirəm. Mənə günah yazılır? 3 Mənə and verirlər sən allah flan işi gör məndə həmin işi görmürəm andın günahı kimə yazılır? 4 zibillikdən nəsə tapanda halaldır? Məsəl üçün odun tapıram bəlkə yiyəsi heç halal etmiyib bu nə dərəcədə düzgündür? 5 çox yemək halaldır? Çox yemək israfdır? Mən çox qulun haqqına girmişəm zənn etsəm ki, allah məni cəzalandırmıyacaq onda adama cəza vermir?
Cavab: 
Salam aleykum.
1. Əgər haqqına girilən adamdan halallıq almaq mümkün deyilsə, bu zaman tövbə etməklə yanaşı onun üçün Allaha dua edərək bağışlanma diləmək, insanların yanında onu xeyirlə yad etmək, onun barəsində gözəl danışmaq başqasının haqqına girən adam üçün kəffarə ola bilər. Həmçinin oxuyun:
 
2. Qeyd etdiyiniz səbəb sizin özünüzü kişiyə bənzətməyinizə heç bir əsas vermir. Qadınların kişi paltarı geyinməsi, özlərini kişilərə bənzətməsi və ya kişilərin qadın paltar geyinməsi, özlərini qadınlara bənzətməsi haramdır və həlak edici böyük günahdır. Bu barədə səhih mənbələrdə kifayət qədər məlumat verilir. Uca Allah Qurani-Kərimdə kişi və qadının bir-birindən fərqli xüsusiyyətdə yatratdığını bildirir. Uca Allah Qurani-Kərimdə Lut peyğəmbərin dövründə qadınlara bənzəyən kişilərin öz cinslərindən olanlara meyl etmələrinə görə məhv edərək yerlə yeksən etdiyini bildirir. Həmçinin, bir çox səhih hədislərdə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) qadınların özlərini kişilərə, kişilərin də özlərini qadınlara bənzətməsinin haram olduğunu xəbər vermiş, özlərini kişilərə bənzədən qadınları və qadınlara bənzədən kişiləri lənətləmişdir. Bu lənət Peyğəmbərin özündən deyil, Allahın ona vəhy etməsi ilə olmuşdur. Uca Allahın və Onun Peyğəmbərinin lənəti Uca Allahın ona haqq qazananlara bərk qəzəbləndiyini bildirir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) özlərini qadınlara oxşadan kişiləri və özlərini kişilərə oxşadan qadınları lənətləmişdir". (Səhih əl-Buxari "Libas", №: 5546; ət-Tirmizi "Ədəb", №: 2784; Əbu Davud "Libas №: 4097; İbn Məcəh "Nikah", №: 1904; İmam Əhməd, 1/251).
 
3. Bir nəfərin digərinə xahiş edərkən "Sən Allah filan işi gör!" deməsi "Allah xatirinə filan işi gör!" mənasını ifadə edir. Kimdənsə Allah xatirinə günah olmayan bir işi xahiş etmək olar. Bu zaman qarşı tərəf həmin işi yerinə yetirməyi bacarırsa, imkan daxilində yerinə yetirər. Əgər bacarmırsa, bunda bir qəbahət yoxdur. Yəni, bu halda nə xahiş edənə, nə də bundan imtina edənə günah yazılmaz.
 
4. Zibilliyə atılan əşyalar sahibinə lazım olmayan əşyalardır. Bu səbəbdən tullantılar içindən götürülən hər hansı bir əşya halal sayılır və bunun üçün sahibindən halallıq almağa ehtiyac yoxdur.

 

5. İslam alimlər demişlər ki, çox yemək nisbi anlayış olduğu üçün insandan insana fərqlənir. Yəni, insan bədən quruluşuna və orqanizminin tələbatına görə çox və ya az yeməyə ehtiyac duya bilər. Ümumiyyətlə isə acımamış yemək, doyduqdan sonra artıq yemək bəyənilmir və bu, xəstəliklərə yol açır. Uca Allah buyurur: "...Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir". (əl-Əraf, 31).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Ümmətim üçün ən çox qorxduğum şeylər: "qarın böyüklüyü (qarın bağlamaq), çox yatmaq, tənbəllik və yəqinliyin azlığıdır". (Hədis səhihdir).

Elə buna görə də Peyğəmbərimiz mədənin üçdə birini yeməklə, digər üçdə birini su ilə doldurmaq, yerdə qalan üçdə birini isə rahat nəfəs almaq üçün boş saxlamaq lazım olduğunu demişdir. Miqdam ibn Madikərib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər demişdir: "İnsan övladı mədəsindən daha pis bir qab doldurmayıb. Adəm oğluna onu ayaq üstə saxlayacaq qədər yemək yeməsi kifayətdir. Əgər bundan çox yeyəcəksə, mədəsini üç yerə ayırsın: Bir hissəsini yemək, bir hissəsini içmək, o biri hissəsini də nəfəs almaq üçün". (ət-Tirmizi "Zuhd", 47; №: 2380; İbn Məcəh "Ətimə", 59. İmam Əhməd, 16735). Həmçinin oxuyun:

Muhəmməd peyğəmbər gündə 2 dəfə yemək yeyib?

 

6. Qul haqqına girən tövbə etmədən və ya insandan halallıq almadan "Allah məni cəzalandırmayacaq" deyə düşünüb arxayın olmaq doğru deyildir. Qul haqqına girən bağışlanması üçün Allaha tövbə etməli və haqsızlıq etdiyi adamdan halallıq almalıdır. Allah barəsində gözəl zəndə olmaq yaxşı əməldir, lakin bu, günah edib Allahın əzabından arxayın olmaq anlamına gəlmir. Həmçinin oxuyun:

Qul haqqı barədə

Haqqı halal etməmək nə deməkdir?

 

Paylaş: