Savab nədir və necə qazanılır?

    25.06.2019
Sual: 
salam aleykum mən bir sual vermək istəyirəm:SAVAB nədir o necə qazanılır?
Cavab: 

Va aleykum salam. "Savab" sözünün ərəbcə lüğəti mənası "mükafat", "əvəz" deməkdir. Savabın əksi isə "cəza" deməkdir. Şəriətdə isə "savab" dedikdə xeyirxah əməllərə görə Uca Allahın qullarına verəcəyi mükafatdır. Savab qazanmaq üçün Allahın buyurduğu əmrləri yerinə yetirmək, qoyduğu qadağalardan çəkinmək lazımdır. Uca Allah Quranda Onun əmrlərini yerinə yetirən və qadağalarından çəkinən qullarına bol savab vəd edərək buyurur: "Onların dedikləri ancaq: "Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!"– olmuşdur. Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi. Allah yaxşı iş görənləri sevir". (Ali İmran, 147-148). İnsan həm Allahın əmrlərini yerinə yetirməklə, həm də qadağalarından çəkinməklə savab qazanır. Bundan başqa nafilə (vacib olmayan) ibadətləri yerinə yetirməklə də savab qazanır. Hətta ibadət olmayan əməlləri (yatmaq, yemək və s. kimi) Allah üçün etmiş olarsa, buna görə də savab qazanır. Məsələn gecə namazına durmaq üçün erkən yatarsa buna görə savab qazanar. Həmçinin, bilmək lazımdır ki, saleh əməllərə görə savab qazanmaq üçün 2 şərt olmalıdır:

1. Əməl xalis Allah üçün olmalıdır - yəni, Allahdan başqası üçün etməməli və Ona şərik qoşmamalı, həmçinin özünü başqalarına göstərmək niyyəti ilə də etməməlidir ;

2. Əməl şəriətə müvafiq olmalıdır - yəni, Allahın və Peyğəmbərinin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun!) buyurduğu kimi edilməlidir.

İnsanın etdiyi əməllərin növündən və niyyətindən asılı olaraq savabları da müxtəlif olur. Əlavə olaraq bu sualların cavablarına qayıda bilərsiz:

  1. Əməllər niyyətlərə bağlıdır

  2. Əməllər necə yazılır?

  3. Savab işin mükafatı nə qədərdir?

  4. Günah və savab necə yazılır

  5. Savab qazanmaq üçün nə etmək lazımdır?

Paylaş: