Hədisin səhih olmasını necə bilmək olar?
Va aleykum salam. Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) rəvayət olunan hədislərin səhih və ya zəif olmasını bilmək üçün hədisin mətni və sənədində çox çətin araşdırma aparmaq lazımdır. Bunu isə yalnız hədis elmini yaxşı bilən alimlər apara bilər. Alim olmayan insanlar isə hədisin səhih olmasını bilmək üçün hədis alimlərinin qoyduğu qaydalar əsasında hədis barədə verdiyi rəyə baxmalıdırlar. Hədis alimləri hər hansı bir hədisin səhih sayılması üçün müəyyən qaydalar qoymuşlar. Hədis alimləri Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət olunan hədisləri diqqətlə araşdırmış, hədisi rəvayət edən şəxslərin kimliyini müəyyən etmiş və bunun əsasında da hədisin mötəbər olub-olmadığını müəyyən edərək bizə çatdırmışlar. Hətta bəzi alimlər axtarılması asan olsun deyə səhih hədisləri "Səhih hədislər silsiləsi" adlı kitabda, zəif hədisləri isə "Zəif hədislər silsiləsi" adlı kitabda cəm etmişlər.
Səhih hədisi müəyyən etməyin digər bir asan yolu isə səhih hədislərin cəm olunduğu kitablara müraciət etməkdir. Məsələn, əl-Buxari və Muslimin "Səhih" əsərləri Qurani Kərimdən sonra yer üzərində ən səhih və ən etibarlı kitablar sayılır. Bəzi hədis müəllifləri öz kitablarında yalnız səhih hədislər gətirməyi şərt qoymuşlar. Bu müəlliflərdən qeyd etdiyimiz kimi əl-Buxari və Muslimi, eləcə də İbn Hibban, əl-Hakim və başqalarını misal gətirmək olar.
Bu saytda istifadə olunan hədislərin hamısı səhih və mötəbər hədislərdir. Məqalələrin yazılmasında və sualların cavablandırılmasında istinad edilən hədislər səhih mənbələrdən seçilir. Biz bunu qarşımıza məqsəd qoymuşuq. Həmçinin oxuyun:
İmam əl-Buxari kimdir?
İmam Muslim kimdir?
əl-Buxari və Muslimin hədis kitablarında zəif hədislər varmı?
Səhih və zəif hədisləri necə ayırmaq olar?