Görüşərkən öpüşmək günahdırmı və səhabələr necə görüşürdülər?

    20.09.2019
Kimdən: 
Yusif
Sual: 
Əssələmu aleykum dövrümüzdə kişilər bir biri ilə üz ilə görüşürlər.Bunda bir günah var.Bildiyəmə görə kişi kişi ilə əl ilə görüşməlidir.Birdə Peyğəmbər s.ə.s səhabələrlə necə görüşmüşdür?
Cavab: 

Va aleykum salam. Görüşərkən şəriətə uyğun olan əllə görüşməkdir. Əgər insan uzun səfərdən qayıdırsa və ya uzun müddət yoldaşını görmürsə, bu halda qucaqlaşmaq da olar. Hər görüşərkən öpüşmək isə şəriətə uyğun deyil. Bir hədisdə Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər görüşərkən öpüşməyi qadağan etmişdir. Ənəs (Allah ondan razı olsun) nəql edir: "Bir kişi Peyğəmbərə: "Ey Allahın Rəsulu! Qardaşımız və ya dostumuzla rast­laşarkən hörmət əlaməti olaraq on­ların qarşısında əyilməklə sa­lam vermək düzgündür?" - deyə sual verdi. Peyğəmbər: "Xeyr!" - deyə cavab verdi. Kişi soruşdu: "Bəs onu qucaqlayıb öpə bilərmi?" Peyğəmbər: "Xeyr!" - deyə cavab verdi. Kişi soruşdu: "Bəs, əl ilə görüşə bilərikmi?" Peyğəmbər: "Bəli, əl ilə görüşə bilərsiniz", - deyə cavab verdi" (Sunən ət-Tirmizi "İstizan", 31). 

Səhabələr də görüşərkən əllə salamlaşırdılar. Qatədə demişdir: "Ənəsdən (Allah ondan razı olsun) soruşdum: "Səhabələr görüşəndə əllə salamlaşırdılarmı?" Ənəs: "Bəli" - deyə cavab verdi" (əl-Buxari, 2406). 

Lakin əzizləmək və qayğı göstərmək məqsədilə bəzən öpmək olar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir dəfə nəvəsi Həsəni (Allah ondan razı olsun) öpərkən yanında oturan əl-Əqra ibn Həbis ət-Təmimi adlı bir nəfər onu görmüş və belə demişdir: "Siz uşaqları öpürsünüzmü? Mənim 10 övladım var, amma heç birini öpmürəm". Peyğəmbər ona belə dedi: "Mərhəmət etməyənə mərhəmət olunmaz!". (əl-Buxari, 5651-5997; Muslim, 2318).
Bədəvilərdən bir nəfər Allah Rəsulunun yanına gələrək belə dedi: "Siz uşaqlarınızı öpürsünüzmü? Biz uşaqlarımızı öpmürük!"Allah Rəsulu belə cavab verdi: "Uca Allahın sənin qəlbindən mərhəmət hissini götürübsə, mən nə edə bilərəm?!" (Səhih əl-Buxari, 5652).

Həmçinin, bir nəfər peyğəmbərimizin yanında olarkən oğlu gəldi. Həmin adam oğlunu öpdü və qucağında oturtdu. Bir az sonra da onun qızı gəlib çıxdı. Həmin adam qızını (öpmədən) önünə qoydu. Bunun müqabilində aləmlərə rəhmət olan peyğəmbərimiz belə dedi: "Kaş ki, ikisi ilə də eyni cür rəftar edəydin!" (Səhih Muslim; Sunən ət-Tirmizi; İmam Əhməd "Musnəd" kitabı).

Həmçinin oxuyun:


Teqlər: 
Paylaş: