Yaxşı əməli insanlardan gizlətmək üçün yalan danışmaq olarmı?
Va aleykum salam.
1) Uca Allah ən-Nur surəsinin 11-25-ci ayələrində buyurur:
11. Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. 12. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" demədilər? 13. Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. 14. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. 15. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. 16. Nə üçün siz onu eşitdiyiniz zaman: "Bizə bunu danışmaq yaraşmaz. Ey Allah! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!" - demədiniz? 17. Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. 18. Allah Öz ayələrini sizə belə izah edir. Allah hər şeyi biləndir, hikmət sahibidir. 19. Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. 20. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı, yaydığınız şayiələrə görə sizi məhv edərdi. 21. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah hər şeyi eşidəndir, hər şeyi biləndir. 22. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. 23. Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir – 24. o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. 25. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın Haqq olduğunu biləcəklər.
İbn Kəsir bu ayələrin təfsirində deyir: Bu on ayənin hamısı Möminlərin anası Aişə (Allah ondan razı osun) barədə nazil olmuşdur. Münafiqlərdən ibarət olan bir dəstə ona iftira atdıqları zaman Uca Allah bu ayələri nazil etməklə onu qorudu və bu iftiradan təmizə çıxardı. Uca Allah buyurur: "Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir" - yəni bu iftiranı atanlar bir-iki nəfər deyil, bir toplumdur. Bu işin başında münafiqlərin başçısı Abdullah ibn Ubeyy ibn Səlul dururdu. O, bu xəbərləri toplayıb yaymaqla məşğul idi. Hətta bu şübhə bəzi müsəlmanların qulağına da çatdı və bu barədə danışmağa başladılar. Bu vəziyyət yuxarıda qeyd edilən ayələrin nazil edilməsinə qədər təqribən bir ay davam etdi. Bu hadisənin təfərrüatı səhih hədislərdə rəvayət olunur. İmam Əhməd Peyğəmbərin zövcəsi Aişənin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səfərə çıxmaq istədikdə zövcələri arasında püşk atardı. Püşk kimə düşsəydi, onu da özü ilə səfərə aparardı. Döyüşlərin birində o yenə bizim aramızda püşk atdı və bu dəfə püşk mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Həmin vaxt artıq hicab ayəsi nazil olmuşdu. (Bu səbəbdən də) məni kəcavənin içərisində apardılar. (Yol boyu lazım gəldikcə) məni kəcavə ilə birgə yerə endirirdilər. Səfərimiz beləcə davam etdi. Nəhayət, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) döyüşü başa vurub geri qayıtdı. Biz Mədinəyə yaxın bir yerdə (dincəlmək üçün) dayandıq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) orada gecələməyib səfərə çıxmağı əmr etdi. Camaat yola düşməyə hazırlaşarkən Mən (təbii ehtiyacımı rəf etmək üçün təkbaşına su başına çıxdım və) qoşundan uzaqlaşdım. Ehtiyacımı ödəyib qoşunun yanına qayıtdıqda, yolda əlimi sinəmə toxundurub gördüm ki, Yəmən əqiqindən olan boyunbağım qırılıb düşüb. Mən geri qayıdıb onu axtarmağa başladım və bu səbəbdən də yolumdan qaldım. Bu əsnada, məni müşayiət edən əshabələr mənim kəcavənin içərisində olduğumu güman etdilər və onu götürüb mindiyim dəvənin üstünə qoydular. O zamanlar qadınlar az yedikləri üçün yüngül çəkili və incəbelli olurdular. Elə bu səbəbdən də məni müşayiət edənlər kəcavəni qaldırarkən onun çəkisindəki fərqi hiss etməmişdilər. Mən də o vaxt çox cavan idim. Beləcə, onlar dəvəni sürüb apardılar. Qoşun çıxıb getdikdən sonra mən boyunbağımı tapıb düşərgəyə qayıtdım, lakin artıq orada heç kəs qalmamışdı. Mən onların məni yerimdə tapmadıqları üçün mütləq dönəcəklərini güman edib kəcavəmin dayandığı yerə gəldim. Az sonra oturduğum yerdə yuxuladım. Həmin vaxt Səfvan ibn Muəttil əs-Suləmi əz-Zəkvani (qoşundan qalan əşyaları toplayıb sahiblərinə qaytarmaq üçün) qoşunun ardınca gəlirdi. O, səhərə yaxın gəlib mən olan yerə çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxınlaşdı. O, hicab ayəsi nazil olmamışdan əvvəl məni görmüşdü (deyə dərhal məni tanıdı). Mən onun: "İnnə lillahi və innə ileyhi raciun" (Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!) deməsinə oyandım (və dərhal çarşabla üzümü örtdüm). O, dəvəsini yerə çökdürüb ayağını dəvənin qabaq ayağının üstünə qoydu və mən dəvəyə mindikdən sonra (onun noxtasından) tutaraq sürüb apardı. Nəhayət, biz, şiddətli isti olduğundan çayın qırağında oturub dincini alan orduya yetişdik. Həmin vaxt bir çoxları (mənə iftira atmaqla) bədbəxt oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Səlul idi. Mədinəyə çatdıqdan sonra mən bir ay xəstə oldum. Bu əsnada camaat böhtan atanların söz-söhbətlərini orada-burada danışırdılar. Həmişə xəstələndiyim zaman Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə göstərdiyi qayğını indi ondan görməməyim məni şübhələndirirdi. O, sadəcə olaraq yanıma gəlib salam verir və: “Vəziyyətin necədir?”– deyib çıxıb gedirdi. Mən sağalanadək bu şərdən xəbərim olmadı. Sağaldıqdan sonra mən Ummu Mistahla birgə əl-Mənasi deyilən bir yerə getdim. Bura bizim gecədən-gecəyə təbii ehtiyacımızı rəf etmək üçün gəldiyimiz yer idi. O vaxtlar hələ evlərin yaxınlığında ayaqyolular tikilməmişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Mən Ummu Mistah bint Əbu Ruhm ilə yol gedərkən onun ayağı əbasına ilişdi və dedi: "Məhv olsun Mistah!” Mən ona dedim: "Sənin dediyin necə də pisdir! Sən Bədr döyüşündə iştirak etmiş bir adamı söyürsən?!" Ummu Mistah: "Ay qız, məgər sən onların nə dediyini eşitməmisənmi?" - deyə soruşdu, sonra da iftiraçıların dediklərini mənə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldikdən sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yenə mənim yanıma gəldi. O əvvəlki kimi salam verdikdən sonra: "Vəziyyətin necədir?" - deyə soruşdu. Mən ona dedim: "İzn ver, valideynlərimin yanına gedim!” Mənim niyyətim o idi ki, bu xəbərin doğru olub-olmadığını valideynlərimdən öyrənib dəqiqləşdirim. Peyğəmbər r mənə izn verdi. Onda mən valideynlərimin yanına gəldim və anamdan: "Camaat nə danışır?" - deyə soruşdum. Anam dedi: "Qızım, özünü üzmə. Vallahi, çox nadir hallarda rast gəlmək olar ki, gözəl qadını əri sevsin və ərin başqa zövcələri onun əleyhinə danışmasınlar". Mən dedim: "Subhanəllah! Demək, camaat bunu danışırmış". Mən bütün gecəni ağladım, səhərə qədər göz yaşım dayanmadı və bir anlıq belə yuxulaya bilmədim. Vəhyin nazil olması gecikirdi deyə Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əli ibn əbu Talibi və Usamə bin Zeydi zövcəsini tərk edib-etməməsi barədə məsləhət almaq üçün yanına dəvət etdi. Usaməyə gəlincə, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) mənim namuslu olduğumu və bizi ürəkdən sevdiyini bildirərək dedi: "Ya Rəsulullah, sənin əhli-əyalın barəsində zərrə qədər də pis bir şey eşitməmişəm!” Əli ibn əbu Talibin cavabı isə belə oldu: "Ya Rəsulullah, Allah sənə (bu xüsusda) heç bir hədd qoymamışdır; ondan başqa nə çox qadın var. Sən Aişənin xidmətçisindən soruş, o sənə düzünü deyər". Peyğəmbər (salləllahu aleyhi və səlləm) (Aişənin xidmətçisi) Bərirəni çağırıb soruşdu: "Ey Bərirə, onda səni şübhələndirəcək bir şey görmüsənmi?" Bərirə dedi: "Xeyr! Səni haqq ilə göndərən Allaha and olsun ki, ondan bir qəbahət iş görsəydim, onu qınayardım. Yalnız onu deyə bilərəm ki, az yaşlı qız uşağı olduğu üçün mən yoğurduğum xəmiri qorumağı ona tapşırdıqda o yatar və qoyun gəlib xəmiri yeyərdi". Abdullah ibn Ubey ibn Səlul dediyinə görə üzrxahlıq istəsin deyə, həmin gün Peyğəmbər (salləllahu aleyhi və səlləm) minbərə qalxıb dedi: "(Ey müsəlmanlar!) Kim mənim zövcəmə əziyyət verən adamın ittihamlarını rədd edib zövcəmə bəraət qazandıra bilər? Vallahi, mən zövcəmdən xeyirdən başqa bir şey görməmişəm. Eləcə də ittiham olunan kişinin (Səfvan ibn Müəttilin) pis bir hərəkət etdiyi də mənə məlum deyil. O, heç vaxt mənsiz bizim evə daxil olmayıb". Bu vaxt Sə'd ibn Muaz ayağa qalxıb dedi: "Ya Rəsulullah, vallahi ki, mən sənə haqq qazandırmaq istəyirəm. Əgər ittiham edən şəxs Ovs qəbiləsindəndirsə, biz onun boynunu vurarıq, yox əgər qardaşlarımız olan Xəzrəc qəbiləsindəndirsə əmr et, sənin əmrini yerinə yetirək". Bu vaxt Xəzrəc qəbiləsinin başçısı Səd ibn Ubadə dedi: “Vallahi, sən yalan danışdın! Sən onu nə öldürənsən, nə də öldürməyə qadirsən!" O, əməlisaleh adam idi, lakin buna rəğmən tayfabazlıq etdi. Bu sözdən sonra (Sə'd ibn Muazın əmisi oğlu) Useyd ibn Xudeyr qalxıb (Səd ibn Ubadəyə) dedi: "Vallahi, sən yalan danışdın! Biz onu mütləq öldürərik. Həqiqətən də, sən münafiqsən və münafiqləri müdafiə edirsən". Beləliklə, Xəzrəc və Ovs qəbilələri arasında elə bir çaxnaşma düşdü ki, az qala bir-birlərini öldürəcəkdilər. Bu vaxt Peyğəmbər (salləllahu aleyhi və səlləm) minbərdə idi. O, dərhal minbərdən enib onları sakitləşdirdi və özü də susdu. Mən daha bir gün dayanmadan ağladım və bütün gecəni oyaq qaldım. Səhərisi gün valideynlərim mənim bir gün yarım dayanmadan ağladığımın şahidi olduqda elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mənim yanımda ikən, ənsar qadınlarından biri mənim yanıma gəlmək üçün izn istədi və gəlib mənimlə bərabər ağladı. Elə bu vaxt Peyğəmbər (salləllahu aleyhi və səlləm) içəri daxil oldu və (salam verib) oturdu. Bu söz-söhbət başlanandan bəri o mənim yanımda oturmamışdı. Bir ay keçməsinə baxmayaraq, mənim barəmdə heç bir ayə nazil olmamışdı. O, şəhadət gətirdikdən sonra dedi: "Ey Aişə, sənin barəndə mənə filan-filan xəbərlər çatıb. Əgər günahkar deyilsənsə, Allah səni təmizə çıxardacaq. Yox, əgər günah iş görmüsənsə, Allahdan bağışlanma dilə, tövbə et! Həqiqətən, əgər bəndə öz günahını etiraf edib tövbə edərsə, Allah onun tövbəsini qəbul edər". Peyğəmbər (salləllahu aleyhi və səlləm) sözünü qurtardıqdan sonra mənim göz yaşım kəsildi və gözümdən bir damla yaş belə çıxmadı. Mən atama: "Allahın elçisinə (salləllahu aleyhi və səlləm) cavab ver!" - dedim. O dedi: "Vallahi, Mən bilmirəm, Allahın elçisinə (salləllahu aleyhi və səlləm) nə deyim". Sonra mən anama: "Allahın elçisinə (salləllahu aleyhi və səlləm) cavab ver" - dedim. O dedi: "Vallahi, mən bilmirəm, Allahın elçisinə (salləllahu aleyhi və səlləm) nə deyim". Mən az yaşlı qız uşağı olduğum üçün, Qurandan çox dəlil-sübut bilmədiyimə görə dedim: "Vallahi, hər şey mənə bəlli oldu. Siz insanların danışdıqları bütün bu söhbətləri eşitdiniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günahsız olduğumu desəm, – Allah da bilir ki, həqiqətən, mən günahsızam, – siz mənə inanmayacaqsınız. Yox əgər günahkar olduğumu etiraf etsəm, – Allah da bilir ki, mən o günahdan uzağam, – siz buna inanacaqsınız. Vallahi, mən həm özümə, həm də sizə ancaq Yusufun atası Yaqubun dediyini misal çəkə bilərəm. Bir zaman o belə demişdir: "Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır". (Yusuf, 18). (Bunları deyəndən) sonra mən gedib yerimə uzandım. Mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxardacaq. Lakin, vallahi, mən heç vaxt inanmazdım ki, Allah mənim günahsız olduğum barədə vəhy nazil edəcək. Quranda mənim bu işim haqqında danışılacağını mən özümə rəva bilmirdim. Mən ümid edirdim ki, Allahın elçisi (salləllahu aleyhi və səlləm) mənə bəraət qazandıracaq bir yuxu görəcək. Vallahi, Rəsulullah (salləllahu aleyhi və səlləm) heç yerindən qalxmamış və ev əhlindən də hələ bir kəs çolə çıxmamış ona vəhy nazil oldu. O, hər dəfə vəhy nazil olduğu zaman düşdüyü görkəmi aldı. Endirilən kəlamın ağırlığından o çox şiddətli sıxıntı keçirdi və qış günündə belə ondan mirvari dənəsi kimi damla-damla tər tökülməyə başladı. Vəhy nazil olduqdan sonra o güldü. Mənə dediyi ilk söz isə bu oldu: "Ey Aişə, Allaha həmd et! Allah səni təmizə çıxartdı". Anam mənə dedi: "Qızım, qalx Allahın elçisinə (salləllahu aleyhi və səlləm) (təşəkkür et)!" Mən dedim: "Vallahi, mən nə ona təşəkkür edəcəyəm, nə də Allahdan başqa bir kimsəyə həmd edəcəyəm!" Uca Allah da bu ayələri nazil etdi: "Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir...". (ən-Nur, 11-21). Allah mənə bəraət qazandıran bu ayələri nazil etdikdən sonra, qohumluq əlaqələri xatirinə və kasıb olduğuna görə, öz malından Mistah bin Usasəyə xərcləyən Əbu Bəkr əs-Siddiq dedi: "Vallahi, Mistah Aişə barəsində belə dedikdən sonra mən ona malımdan heç bir şey verməyəcəyəm". Uca Allah da bu ayəni nazil etdi: "Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nur, 22). Əbu Bəkr dedi: "Xeyr, vallahi, mən istəyirəm ki, Allah məni bağışlasın!" O, yenə də malından xərcləməyinə davam etdi və dedi: "Vallahi, mən heç vaxt malımı Mistahdan əsirgəməyəcəyəm!)" Allahın elçisi (salləllahu aleyhi və səlləm) Zeynəb bint Cəhşdən mənim barəmdə soruşub dedi: "Ey Zeynəb, sən nə deyə bilirsən, nə görmüsən?" O dedi: "Ey Allahın elçisi, mən gözümü, qulağımı (görmədiyim və eşitmədiyim şeylərdən) qoruyuram! Mən onun barəsində xeyirdən başqa bir şey bilmirəm". Bu həmin Zeynəbdir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm zövcələri arasında gözəlliyi və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında olan mövqeyi ilə mənimlə rəqabət aparırdı. Lakin, bunun pis aqibətindən qorxduğuna və gözəl dindar olduğuna görə Allah onu qorudu". (Səhih əl-Buxari, 2661).
26. Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.
İbn Abbas bu ayənin təfsirində demişdir: "Yəni pis sözlər pis insanlara layiqdir, pis insanlar da pis sözlərə layiqdirlər. Yaxşı sözlər isə yaxşı insanlara layiqdir, yaxşı insanlar da yalnız yaxşı sözlərə layiqdirlər. Bu ayə Aişə (Allah ondan razı olsun) və ona iftira atanlar barədə nazil olmuşdur". Aişə barədə isə Uca Allah: "Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar" - buyurur.
Abdur-Rahmən ibn Zeyd ibn Əsləm isə bu ayə barədə demişdir: "Yəni murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər". Yəni, Uca Allah Aişəni (Allah ondan razı olsun) təmiz olduğu üçün Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi etmişdir. Çünki o, pak və təmiz qadınların ən təmizidir. Əgər belə olmasaydı, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) layiq olmazdı. Bu ilahi qayda həm şəriətin dəlillərinə, həm də həyat təcrübəsinə əsasən belədir. Bu səbəbdən Uca Allah Peyğəmbər və Aişə barəsində: "Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar" - buyurur. Yəni, onlar düşmənlərin dedikləri iftiradan uzaqdırlar. "Onları bağışlanma" - yəni, onlara atılan bu böhtana görə "və bolluca ruzi gözləyir" - Allah qatında Cənnət gözləyir. Bu ayə Aişənin (Allah ondan razı olsun) Cənnətdə də Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsi olmasına müjdədir. (Bax: Təfsir İbn Kəsir, 11-26-cı ayələrin təfsiri).
Uca Allah buyurur:
27. Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız.
28. Əgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə ora girməyin. Sizə: "Qayıdın!" - deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir.
29. İstifadə edə biləcəyiniz və yaşayış üçün olmayan evlərə izinsiz daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir".
Bu ayələrdə Uca Allah mömin qullarına icazə istəməklə bağlı şəriət ədəblərini öyrədir. Uca Allah möminlərə özlərinə məxsus olmayan evlərə icazə olmadan daxil olmağı qadağan edir. Yəni, əvvəlcə icazə alınmalı, sonra isə evin əhlinə salam verilməlidir. İzn istəyən adam üç dəfə izin istəməli, izn verilməsə, dönüb getməlidir. Rəvayət olunur ki, bir dəfə Əbu Musa əl-Əşari Ömər ibn Xəttabın qapısını döydü, lakin ona (içəri daxil olmaq üçün) izn verilmədi. Deyəsən, Ömər məşğul idi. Odur ki, Əbu Musa qayıdıb getdi. Ömər işini qurtardıqdan sonra dedi: "Mən Abdullah ibn Qeysin səsini eşitdim, deyilmi? Ona izn verin gəlsin!" Ömərə: "O çıxıb getdi" - dedilər. Ömər onu çağırtdırdı (və ondan qayıdıb getməyinin səbəbini soruşdu). Əbu Musa dedi: "Bizə belə əmr edilərdi". Ömər dedi: "Bu dediyini əsaslandırmaq üçün dəlil gətirməlisən". Əbu Musa ənsarın məclisinə gəlib (bu haqda) onlardan soruşdu. Onlar dedilər: "Buna bizim ən kiçiyimiz Əbu Səid əl-Xudri şahidlik edər". O, Əbu Səidlə birgə Ömərin yanına gəldi. Ömər dedi: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) buyurduqlarında məndən gizli qalanımı var? Bazarlardakı alış-veriş məni bu işdən yayındırmışdır". (Səhih əl-Buxari, 2062).
"İstifadə edə biləcəyiniz və yaşayış üçün olmayan evlərə izinsiz daxil olmaq sizin üçün günah deyildir". Bu ayə əvvəlki ayədən daha xüsusi məna daşıyır. Belə ki, bu ayə qonaqlar üçün hazırlanmış evlər kimi heç kəsin yaşamadığı, lakin istifadə üçün nəzərdə tutulmuş evlərə izinsiz daxil olmağın icazəli olmasına dəlalət edir. Əgər bir dəfə qalmağa icazə verilibsə, kifayətdir. Bəzi alimlər ayədə nəzərdə tutulan evlərin tacirlər, səfərdə olanlar və Məkkə ətrafında zəvvarlar üçün nəzərdə tutulan evlər olduğunu bildirmişlər. Həmçinin oxuyun:
ən-Nur surəsi 33 – cü ayə
Nur surəsinin 31-ci ayəsində "zinətlərini gizlətsinlər" nə deməkdir?
2) Müsəlmanın Allah üçün etdiyi yaxşı əməlin ixlaslı olması üçün onu gizlətməsi bəyənilən əməldir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) yaxşı əməllərini gizlədənləri müjdələmişdir. Səhih hədisdə verdikləri sədəqələri gizlədənlər Qiyamət günü heç bir kölgənin olmadığı bir gündə Ərşin kölgəsində kölgələnəcəkləri barədə bildirilir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Yeddi qism insan vardır ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə kölgəsi altında kölgələndirəcəkdir. Bunlar; ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, Ona görə görüşüb Ona görə ayrılan iki kişi, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: "Mən Allahdan qorxuram!" - deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən kişi və xəlvətə çəkilib Allahı yad edərək gözləri yaşla dolan kişi". (Səhih Muslim, 1031).
Lakin, buna nail olmaq üçün yalan danışmaq olmaz. Çünki yalan danışmaq haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) üç dəfə: "Sizə günahların ən böyükləri barədə xəbər verimmi?" - deyə soruşdu. Səhabələr: "Bəli, ya Rəsulallah!" - deyə cavab verdilər. Peyğəmbər: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır", – deyib söykəndi. Sonra yerindən qalxıb oturdu, "və yalan söz danışmaqdır" - dedi”. (Sünən ət-Tirmizi). Həmçinin oxuyun:
Yalan danışmaqdan çəkinin!
Doğru danışmaq haqqında