Valideynlərim toyumda içki vermək istəyirlər, nə etməliyəm?
Va aleykumus-Sələm. Əslində ən böyük ziyan Qiyamət günü Uca Allahın hüzuruna günahlarla gəlib Axirəti itirməkdir. Uca Allah bu xüsusda buyurur: "De: "Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!" (əz-Zumər, 15). Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bildirmişdir ki, Allah içkiyə görə on nəfəri lənətləmişdir. Lənət isə - Allahın rəhmətindən məhrum olmaq deməkdir. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allah içkini sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana lənət etmişdir". (ət-Tirmizi "Sehr", 59; Əbu Davud "Əşribə", 2).
Həmçinin, bilmək lazımdır ki, əgər toya dəvət etdiyiniz qohumlar və dostlar sizi həqiqətən sevirlərsə və sizə hörmət edirlərsə, siz içki verməsəniz belə onlar o toyda iştirak edəcəklər. Toya sadəcə içki içmək üçün gələn insan içki verilmədiyinə görə toya gəlmirsə, bilin ki, belə insanların sizin toyda iştirak etməmələri daha yaxşıdır. Bu səbəbdən siz, toyunuzda içki verilməsinə mane olmalısınız. Toy, insanın ömründə bir dəfə olan bir hadisədir və siz ailə həyatı qurursunuz. Əslində buna görə siz Allaha şükür edib Allahı razı salacaq əməllər etməlisiniz və asilik olan əməllərdən çəkinməlisiniz. Belə bir mühim məclisdə Allahın qəzəbinə səbəb olacaq əməl etməkdən çəkinin. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Kim bir əməl edərsə və bu əməllə insanları qəzəbləndirib Allahı razı salarsa, Uca Allah o kəsdən razı qalar və insanları da ondan razı edər. Kim də insanları razı salmaq üçün Allahı qəzəbləndirərsə, Uca Allahın o kəsə qəzəbi tutar və insanları da ondan narazı salar". (İbn Hibban, 1/510; ət-Tirmizi, 2414).
Həmçinin oxuyun:
Spirtli içkilər verilən məclisdə iştirak etmək olarmı?
Müsəlman toyu necə olmalıdır?
Toya getmək olarmı?