Namazdan sonra əlimdə boya qaldığını gördüm, namazım batildirmi?
Aleykum salam. Dəstəmaz alarkən suyun dəstəmaz əzalarının hər yerinə dəyməsi vacibdir. Əgər cüzi olsa belə, dəstəmaz əzasının bir hissəsinə su dəymədikdə, dəstəmaz düzgün sayılmır və belə halda qılınan namaz batil olur. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, səfərdə olduğumuz zaman Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizdən geri qaldı, sonra namazın vaxtının çıxmağına az qalmış gəlib bizə çatdı. (Namazın vaxtı çıxacaqdı deyə,) biz dəstəmaz alıb ayaqlarımızı sürtməyə başladıq. Peyğəmbər (sudan lazım olduğu miqdardan az istifadə olunduğuna görə) bunu görcək uca səslə iki və ya üç dəfə belə buyurdu: "Atəşə girən topuqların vay halına!" (əl-Buxari, 60).
Bu səbəbdən dəstəmaz alarkən dəstəmaz əzalarının hər yerinə suyun dəyməsindən əmin olmaq lazımdır. Xüsusən də, boya və ya lak kimi yapışqan maddələrlə işlədikdən sonra dəstəmaz almağa gedərkən əvvəlcə əldə qalan boya və ya lakı aseton və ya neft kimi təmizləyici vasitələrlə təmizləmək lazımdır. Əzalara suyun dəyməsinə mane olan heç bir şey qalmadığından əmin olduqdan sonra dəstəmaz almaq lazımdır.
Əgər sualda qeyd olunduğu kimi namazdan sonra əldə boya qaldığını görmüsünüzsə, bu halda dəstəmaz alıb namazı yenidən qılın. Həmçinin oxuyun:
Qüsl aldıqdan sonra bədənin hansısa bir yerinə skoç yapışdığını görən yenidən qüsl almalıdır?