Nafilə namazları qılmasam günah qazanırammı?
Salam aleykum. Uca Allah möminlərə gün ərzində beş vaxt namazı vacib etmişdir. Gün ərzində qılınan digər namazlar isə vacib deyil, yəni bu namazları qılmayana günah yazılmır. Buna dəlil isə bu hədisdir. Təlhə ibn Ubeydullah (Allah ondan razı olsun) rəvayət edir ki, Nəcd (Məkkə ilə İraq arasında olan ərazilər) əhlindən olan, saçları dağınıq bir kişi Peyğəmbərin (salləllahualeyhi və səlləm) yanına gəldi. Biz uzaqdan onun gurultulu səsini eşidir, amma nə dediyini anlamırdıq. Nəhayət, yaxına gəldi və aydın oldu ki, İslam barəsində soruşur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Bir gün və bir gecə ərzində beş vaxt namaz (qılmalısan)". Kişi soruşdu: "Mənə bundan başqası vacib buyrulubmu?" (Peyğəmbər): "Xeyr! Yalnız könüllü olaraq qıldığından başqa"– deyə cavab verdi. Sonra Peyğəmbər buyurdu: "Ramazan orucunu da (tutmalısan)". (Kişi) soruşdu: "Mənə bundan başqası vacib buyrulubmu?" (Peyğəmbər): "Xeyr! Yalnız könüllü olaraq tutduğundan başqa"– deyə cavab verdi. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) ona zəkatın vacibliyini də bildirdi. (Kişi) soruşdu: "Mənə bundan başqası vacib buyrulubmu?" (Peyğəmbər): “Xeyr! Yalnız könüllü olaraq verdiyindən başqa"– deyə cavab verdi. Kişi: “Vallahi ki, mən buna heç nə artırmayacağam və heç nə əskiltməyəcəyəm”– dedi və dönüb getdi. Peyğəmbər buyurdu: "Əgər doğru deyirsə, nicat tapacaqdır". (Səhih əl-Buxari, 46). Bu hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bədəvi ərəbə gün ərzində beş vaxt namazın vacib olduğunu bildirmişdir. Sonda bədəvi: "Vallahi ki, mən buna heç nə artırmayacağam və heç nə əskiltməyəcəyəm"– dedi və Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Əgər doğru deyirsə, nicat tapacaqdır" - deyərək buna etiraz etmədi. Lakin, sünnət namazları insanın vacib namazlarda buraxdığı xətaları tamamlayır, Allahın sevgisini qazanmağa və Qiyamət günü yüksək dərəcələrə nail olmağa səbəbdir. Həmçinin oxuyun:
Savab qazanmaq üçün nə etmək lazımdır?
Nafilə və fərz namazları hansılardır?
Sünnət namazlarına dair hansı hədislər var?
Vacib olmayan namazların fəziləti