Quranda məcazi mənalar varmı və əl-Hicr surəsinin 88-ci ayəsində məcaz varmı?

    31.08.2020
Kimdən: 
İstifadəçi.
Sual: 
Salam aleykum. Bezi bidet ehli deyir ki Quranda mecazi mena var ve 15:88 sure-ayeni misal getirirler ki, Allah Resuluna sallallahu aleyhi ve selleme deyir ki, onları qanadın altına al (yanı himaye et). Men düşünurem ki,bu ifade her erebe aydın ifadedir deye, mecaz sayılmır. Nece ki, bizim dilde " qulaq as" her kese aydın olan ifadedir. Halbuki sözbesöz qulağını as ( divardan ve s.)real olmayan mecazi menada işlenilir. İndi sualım beledir ki, Quranda mecaz varmı ve hem dediyim ayeni misal getirenlere ve hem de " Allahın iki eli" ayesini mecaz kimi qeleme verib, " qüdret menasında deyilib" deyenlere ne cavab verek? Teşekkür edirem.
Cavab: 

Aleykum salam. Doğru olan budur ki, Quranda məcazi məna yoxdur. Quranda gələn bütün ayələr və sözlər öz həqiqi mənasında işlənib. Uca Allah buyurur: "Rəbbinin kəlamı həm doğ­ruluq, həm də ədalət baxı­mın­dan tamam­lan­mışdır. Heç kəs Onun kəlmələrini də­yi­şə bil­məz. O, Eşidəndir, Biləndir". (əl-Ənam, 115). Məcaz sözünün mənası ərəb dilində جَازَ (cəəzə) "keçmək" feilindən törənmiş sözdür. Dilçilərin terminologiyasında "məcaz" - bir sözü öz əsil mənasında deyil, mənaca onunla uyğunluğu olan başqa bir mənada işlətməkdir. Bununla belə bu sözün əsil mənada işlənməməsinə dəlalət edən bir dəlil olmalıdır. Məcazın ərəb dilində olub-olmaması məsələsində ərəb dilçiləri fikir ayrılığındadırlar. Məsələn, dilçilərdən Əbu İshaq əl-İsfiraini və Əbu Əli əl-Farisi ərəb dilində məcazın olmadığını demişlər. Onlara görə bəzilərinin "məcaz" adlandırdıqları, ərəb dilində sadəcə dil üslublarından biridir. Məsələn, ərəb dilində ümumi olaraq "şir" dedikdə, məlum heyvan nəzərdə tutulur. Həmçinin, ərəb dilinin üslublarından biri də budur ki, "şir" sözü müəyyən dəlillərə görə şücaətli kişiyə də aid edilir. Beləliklə, İbn əl-Qeyyim əl Cövziyyənin "əs-Savəiq" əsərində dediyi kimi ərəb dilində məcaz yoxdur, bu yalnız danışıq üslublarından biridir. Digər tərəfdən məcazın ərəb dilində olmasını fərz etsək belə, hər hansı bir üslubun ərəb dilində olması, bu üslubun Quranda olmasını vacib etmir. Ərəb dilində bir çox üslublar var ki, bu üslubların Quranda olması mümkün deyil (Məsələn, təmsil kimi). 15-ci surənin (əl-Hicr surəsinin) 88-ci ayəsinə gəlincə, bu ayənin mənası belədir: "Mömin­lər­lə yum­şaq davran". (əl-Hicr, 88). Ayənin hərfi tərcüməsi isə belədir: "Möminlər üçün əllərini aşağı sal". Bu ayədə heç də məcaz yoxdur. Ayədə keçən الْجَنَاحُ (cənəəh) "qol" sözü burada həqiqi mənada işlənmişdir. Belə ki, bu söz həm insanın əlinə, həm qoluna, həm də qoltuq hissəsinə deyiir. Necə ki, başqa bir ayədə Uca Allah eyni sözü əl mənasında işlədərək belə buyurur: "Qor­xu keçib get­sin deyə əlini özünə sıx". (əl-Qasas, 32). Həmçinin, ayədə keçən اِخْفِضْ (ixfid) "aşağı sal" feili də həqiqi mənada işlənmişdir. Bu feilin əks mənası qaldırmaqdır. Qolunu aşağı salmaq təvazökarlıq etmək, mülayim davranmaq deməkdir. Çünki, təkəbbürlük edən və sərtlik edən əllərini qaldıracaqdır. Eyni ifadə əl-İsra surəsinin 24-cü ayəsində də eyni mənada işlənmişdir. Uca Allah buyurur: "Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının al­tı­na al". (əl-İsra, 24). "Qolu aşağı salmaq" ifadəsi mülayimliyə və təvazökarlığa işarədir. Bu ərəblərin işlətdiyi bir üslubdur, ərəblər təvazökarlığı və mülayimliyi "qolu aşağı salmaq"la ifadə edirlər.
Uca Allahın əlini təvil edərək "qüdrət" mənasında yozanlara gəlincə, onlara belə cavab verilir. Əvvəla nə lüğəti mənada, nə də şəriətdə "əl" sözünün "qüdrət" mənasında işlənməsinə rast gəlinməyib. Allahın ad və sifətlərinə imanın qaydalarından biri də budur ki, Allahın Quran və hədislərdə Özü barədə xəbər verdiyi ad və sifətləri, mənasını inkar etmədən, başqa mənaya yozmadan, keyfiyyət vermədən, məxluqa bənzətmədən olduğu kimi Allaha layiqli şəkildə təsdiq etmək lazımdır. Bir dəfə İmam Malik məsciddə dərs deyərkən bir nəfər məscidə daxil olur və soruşur: "Uca Allah Quranda: "Mərhəmətli Allah Ərşə ucaldı". (Ta Ha, 5) buyurur. Uca Allahın Ərşə necə ucaldı?" İmam Malikin bu sualdan rəngi dəyişir. Bir müddət başını aşağı saldıqdan sonra başını qaldırır və belə cavab verir: "Ucalmaq" məlumdur, keyfiyyəti məchuldur (yəni bilinməyən), ona iman gətirmək vacibdir, keyfiyyəti barədə sual vermək isə bidətdir". (Yəni dində olmayıb, sonradan meydana gələn yenilikdir)". Sonra İmam Malik: "Mən sənin bidət əhlindən olduğunu sanıram" deyib kişinin məsciddən çıxarılmasını əmr etdi. (İmam əz-Zəhəbi "əl-Ərş" kitabı, 1/117). İmam Malikin dediyi bu qızıl sözlər Uca Allahın ad və sifətlərinə iman mövzusunda bir qayda götürülmüşdür. Buna əsasən deyirik: "Əl" məlumdur, keyfiyyəti məchuldur, Allahın əlinin olmasına iman gətirmək vacibdir, keyfiyyəti barədə soruşmaq isə bidətdir. Həmçinin oxuyun:
Allahın əli məcazi mənada deyilib?
Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları
Allah Təalanın ad və sifətləri barəsində müsəlmanın etiqadı necə olmalıdır?

Teqlər: 
Paylaş: