Namaza başlayandan qorxulu yuxular görürəm, bu nə ilə əlaqədardır?
Salam aleykum. Namaza başlamanız münasibətilə sizi təbrik edirik və Allaha dua edirik ki, sizi bağışlayaraq Cənnətdə saysız-hesabsız nemətlər verdiyi qullarından etsin! Bilin ki, şeytan namaza başlayan insanlara müxtəlif üsullarla təsir etməyə çalışır. Şeytanın azmış insanla işi olmur, o əsasən Allahın yolunu tutmaq istəyən və ya yeni tutan insanlara təsir etməyə çalışır. Uca Allah Adəmi İblisdən üstün tutduğu üçün İblis Allaha Adəm övladlarını azdırmağı vəd verdi. Uca Allah bu xüsusda buyurur: "İblis dedi: "Onların dirildiləcəyi günə qədər mənə möhlət ver". Allah dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdənsən". İblis dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən". Allah buyurdu: "Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam. Ey Adəm, sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Bəyəndiyiniz yerlərdə yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa özlərinə zülm edənlərdən olarsınız". (əl-Əraf, 16-19). Buna görə də, belə yuxulara fikir verməyin və səhər-axşam zikirlərini, habelə yatarkən deyilən zikrləri müntəzəm deyin. Həmçinin oxuyun:
Pis yuxulardan necə qorunmaq olar?
Pis yuxu görən nə etməlidir?
Səhər və axşam zikrləri