Allahın məni sevmədiyini və məndən bezdiyini düşünmək küfrdürmü?

    04.02.2021
Sual: 
Əssələmun Aleykum Eseblesende Allahn meni sevmedyni mennen bezdiyni dusunurem bele halda Allah sevablarmi silir ? Kafir olmus oluram?
Cavab: 
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, insanın ağlından keçirdiyi, lakin dilinə gətirmədiyi fikirlərə görə ona günah yazılmır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Dilinə gətirmədikcə və yaxud bununla əməl etmədikcə ümmətimin fikrindən keçənlərə görə Uca Allah onları hesaba çəkmir". (Səhih əl-Buxari, 7/59). Daha ətraflı: İnsanın özündən asılı olmayaraq Allah haqqında pis fikirlərə düşməsi günahdırmı?

Belə düşünmək insanı kafir etmir, lakin bu, qadağandır. Bu kimi fikirlər şeytanın vəsvəsəsidir, odur ki, bu fikirləri özünüzdən uzaqlaşdırmağa çalışın. Şeytanın insanı azdırmaq yollarından biri də insanı ümidsizliyə salmaqdır. Uca Allah buyurur: "Qullarıma mənim bu sö­zü­mü de: "Ey Mənim özlə­rinə qar­şı həd­di aşmış qulla­rım! Alla­hın rəhmətin­dən ümidi­nizi üz­məyin. Şüb­həsiz ki, Allah bü­tün günahları bağışla­yır. O, hə­qiqətən, Ba­ğış­­la­yan­dır, Rəhm­lidir!" (əz-Zumər, 53). Uca Allahı məxluqata bənzətmək olmaz. Uca Allah Ona dua edən qullarını sevir, əksinə, Ona dua etməyən qullarına qəzəbi tutur. Həmçinin, Uca Allah dindən çıxmadığı təqdirdə qulunun savablarını silmir.

Rəvayət olunur ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) döyüşdə götürülmüş əsirlər arasında uşağından ayrı düşmüş bir qadın gördü. Qadın əsirlər arasında öz uşağını axtarırdı və körpə uşaq tapan kimi onu qu­ca­ğı­na alıb sinəsinə sıxırdı. Sonra qadın öz uşağını tapdı və tapan kimi onu sinəsinə sıxıb əmizdirməyə başladı. Onda Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizdən soruşdu: "Sizcə bu qa­dının ixtiyarı əlində olsa körpəsini oda atarmı?” Biz dedik: "Xeyr, (atmaz), ey Allahın Elçisi!" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Allahın Öz qullarına olan mərhəməti bu qa­dının körpəsinə olan mərhəmətindən (qat-qat) üstündür". (Səhih əl-Buxari, 5540, 5999). Həmçinin oxuyun: 
Teqlər: 
Paylaş: