Cənnətdə texnologiya olacaqmı?
Əssələmu aleykum. Quran ayələrinə və hədislərə diqqət etsək görərik ki, Cənnətdə insanın istədiyi hər bir nemət olacaq. Bu nemətlər bizim dünyada gördüyümüz texnologiyadan qat-qat üstündür. Bu xüsusda Uca Allah buyurur: "Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaq. Siz orada əbədi qalacaqsınız. Etdiyiniz əməllər sayəsində varis olduğunuz Cənnət budur" (əz-Zuxruf, 71-72). Böyük təfsir alimi əs-Sadi bu ayənin təfsirində demişdir: "Ayədə keçən "nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaq" ifadəsi ümumidir və özündə göz oxşayan, qəlbə sevinc gətirən hər bir şeyi ən kamil şəkildə əhatə edir". Həmçinin buyurur: "Onlar altından çaylar axan Ədn cənnətlərinə girəcəklər. Orada onların ürəklərinin istədiyi hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır" (ən-Nəhl, 31). Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm ) demişdir: "Uca Allah buyurur: "Mən əməlisaleh qullarım üçün heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir (insanın) qəlbindən keçirmədiyi nemətlər hazırlamışam". Sonra Əbu Hureyra (Allah ondan razı olsun) dedi: "İstəyirsinizsə, (bu ayəni) oxuyun: "Etdikləri əməllərin mükafatı kimi, onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir" (əs-Səcdə surəsi, 17). (Səhih əl-Buxari, 4780). Müsəlman bilməlidir ki, Cənnət əhli üçün hər bir şey ən kamil şəkildə olacaqdır. Necə ki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ondan Cənnət barədə soruşan səhabəyə belə cavab vermişdir: "Əgər Allah səni Cənnətə daxil etsə, orada sənin nəfsinin istədiyi, gözünün oxşadığı hər bir şey olacaqdır" (ət-Tirmizi, 2543). Həmçinin oxuyun:
Cənnətin vəsfi belədir
Cənnət əhlinin vəsfi
Cənnət padşahların məskənidir!