Peyğəmbər ﷺ kimisə söyübmü?
4. Sualda qeyd etdiyiniz hədisə gəlincə, hədis səhihdir, lakin "Müsəlman qalası" kitabında yer almamışdır. Hədisin tam mətni belədir: Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət etmişdir ki, o, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişdir: "Allahım, hansı bir mömini təhqir etmişəmsə, bunu Qiyamət günü onun Sənə yaxınlaşması üçün bir vasitə et!" (əl-Buxari, 6361. Muslim, 2601). Hədisin başqa bir rəvayətində belə deyilir: "Mən bəşər övladıyam. Mən Rəbbimdən istəmişəm ki, hansı bir mömini təhqir etmişəmsə, bunu onun üçün günahlardan təmizləmə və savab etsin!" (Muslim, 2602).
Bu hədis dəlalət edir ki, Peyğəmbər də bəşər olub və o da digər insanlar kimi səhv edə bilər, qəzəblənib kimisə söyə və ya lənət edə bilər, lakin Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz duası ilə bu dedikləri həmin insan üçün Qiyamət günü bağışlanma və savab olacaq. Bu da Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kamil əxlaqına dəlalət edir.
Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəsf olunduğu ən əzəmətli xislətlərindən biri də mülayim, rəhmli və insanları əfv edən olmasıdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) istər dili ilə, istər əli ilə heç kəsə əziyyət verməmişdir. Uca Allah Öz peyğəmbərini Quranda belə vəsf edir: "Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər" (Ali-İmran, 159). Həmçinin Qurandan əvvəl nazil olmuş səmavi kitablarda da Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə vəsf olunur. Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-Asdan (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Tövratdakı vəsfi barədə soruşdular. O dedi: "Bəli, vallahi ki, onun Quranda vəsf edilən (bəzi) sifətləri Tövratda da vəsf edilmişdir: "Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi, xəbərdar edən və ümmiləri (yazıb oxuya bilməyən bir toplumu) müdafiə edən olaraq göndərdik. Sən Mənim qulum və rəsulumsan. Sənə "Mutəvəkkil" (Allaha təvəkkül edən) adını verdim. O Peyğəmbər nə sərt ürəkli, nə kobud, nə də bazarda qışqır-bağır salan birisi deyildir; pisliyi pisliklə dəf etməz, əksinə, əfv edər və bağışlayar. Onun vasitəsilə əyri yolda olan millət "Lə iləhə illəllah" deyib düzəlməyincə, Allah onu Öz yanına aparmaz; və bu (tövhid kəlməsi) sayəsində kor gözləri, kar qulaqları və bağlı qəlbləri açar" (əl-Buxari, 2125).
Həmçinin Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz səhabələri də onu belə vəsf etmişlər. Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə söyüş söyən, nə ədəbsizlik edən, nə də lənət oxuyan (bir adam) olmuşdur. Birimizi tənbeh edərkən deyərdi: "Ona nə olub?! Alnı yerə sürtülsün (ibadət əsnasında səcdə etmək nəzərdə tutulur)". (əl-Buxari, 6031).
Hətta bəzi hallarda müşriklərin lənətə layiq olduğu vaxtlarda Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onlara lənət etməkdən imtina etmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedilər: "Ey Allahın Elçisi, müşriklərə bəddua et!" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Mən insanlara lənət edən göndərilməmişəm, mən rəhmət olaraq göndərilmişəm" (Muslim, 2599).