Əhli-beytin fəziləti

    23.11.2020

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.
Səd bin Əbu Vaqqas rəvayət edir ki, "Sənə bilik gəldikdən sonra kim səninlə İsanın barəsində mübahisə edərsə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək" (Ali İmran, 61) ayəsi nazil olduqda Rəsulullah Əlini, Fatiməni, Həsən və Hüseyni yanına çağırdı və: “Allahım, bunlar mənim ailəmdir” – buyurdu. (ət-Tirmizi, 3002).
Ummu Sələmə rəvayət edir ki, “Mən Rəsulullahın evinin qapısının ağzında oturduğum zaman bu ayə nazil oldu: "Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir" (əl-Əhzab, 33). Evdə Rəsulullah, Əli, Fatimə, Həsən və Hüseyn var idi. Rəsulullah onları örtüklə bürüdü və: “Allahım, bunlar mənim əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə” – dedi. Mən dedim: “Ya Rəsulallah, mən Əhli-beytdən deyiləmmi?” Dedi: “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcələrindənsən” (ət-Tirmizi, 3870).
Hədisdə Rəsulullahın Ummu Sələməyə “Sən onsuz da xeyir içindəsən. Sən Peyğəmbərin zövcəsisən” – sözünü belə şərh etmək olar: “Sən onsuz da xeyir içindəsən. Mənim Əhli-beytimdən olduğuna görə, örtüyün altına girməyinə ehtiyac yoxdur”. Çünki digər səhih hədislərdə Peyğəmbərin qadınlarının onun Əhli-beytindən olduqları bildirilir.
Ənəs bin Malik rəvayət edir ki, "Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir (əl-Əhzab, 33) ayəsi nazil olduqdan sonra Rəsulullah altı aya yaxın bir müddətdə hər namaza gedərkən Fatimənin otağının qarşısından keçərək: “Namaza gəlin, Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir.” - deyərdi”. (ət-Tirmizi, 3204).
Aişə rəvayət edir ki, “Rəsulullah üzərində qara naxışlı bir parça olduğu halda mənim yanıma gəldi. Bu zaman Həsən də gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: "Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir" (əl-Əhzab, 33). (Müslim, 61/2424).
Yezid bin Həyyan rəvayət edir ki, “Bir gün Hüseyn bin Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd bin Ərqamın yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd bin Ərqama belə dedi: “Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullahı gördün, eşitdin, birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullahdan eşitdiklərindən bizə danış. Zeyd dedi: “Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Rəsulullahdan eşitdiklərimdən bəzilərini unutmuşam. İndi rəvayət edəcəklərimi qəbul edin, susanda danışmağa məcbur etməyin: – Məkkə və Mədinə arasında “Xum” adlanan yerdə Rəsulullah bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: “Ey insanlar! Mən ancaq bir bəşər övladı, Rəbbimin elçisiyəm. Allah qarşısında cavab verəcəyim və Onun yanına qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birincisi, Allahın hidayət və nur kitabı olan Qurandır. Allahın kitabını tutun və ondan möhkəm yapışın”. Quran haqqında təsiredici sözlər söylədikdən sonra dedi: “İkincisi əhli-beytimdir. Əhli-beytim haqqında Allahdan qorxmağı, xəta etməməyi unutmayın” – deyərək bunu üç dəfə təkrarladı. Hüseyn: “Ey Zeyd, peyğəmbərin Əhli-beyti kimlərdir? Onun zövcələri Əhli-beytdən deyilmi?” – deyərək soruşdu. Zeyd dedi: “Peyğəmbərin qadınları da Əhli-beytdəndir. Həmçinin Əhli-beyt sədəqə almaları haram buyurulan şəxslərdir” – dedi. “Onlar kimlərdir?” – deyə soruşduqda, Zeyd dedi: “Əhli-beyt Əlinin, Aqilin, Cəfərin, Abbasın ailəsidir”. Hüseyn: “Onların hamısına sədəqə almaq haramdır?” – deyə soruşduqda, Zeyd: “Bəli” – dedi. (Müslim, 2408). Hədisdə “sədəqə” sözü zəkat mənasında işlənir. Digər bir rəvayətdə isə bu əlavə vardır: “...Rəsulullahın Əhli-beyti, nəslindən olub özündən sonra sədəqə almaları haram olan, ata tərəfdən qohum olan insanlardır”. (Müslim, 2408).
Sual verilə bilər ki, Peyğəmbər öz əbası ilə təkcə Əli, Fatimə, Həsən və Hüseyni örtmüşdüsə, sonrakı nəsil Peyğəmbərin vaxtında yaşamadığı və həmin hadisədə, yəni əbanın altına salınmada iştirak etmədiyi halda Əhli-beytə necə daxil edilib? Bunu belə izah etmək olar:
Peyğəmbərin öz əbasının altına yalnız Əli, Fatimə, Həsən və Hüseyni salmasına baxmayaraq sonrakı nəsillərin də Əhli-beytə aid edilməsinin səbəbi onların Əlinin ailəsi və ata tərəfdən Peyğəmbərə yaxın olmalarıdır. Bu onu göstərir ki, Əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn daxil deyillər. Hədisdə Peyğəmbərin bizə tərk etdiyi ikinci əmanət onun Əhli-beytidir. Hədis müsəlmanlardan Peyğəmbərin Əhli-beytini zəkat malı alan insanların vəziyyətinə salmamağı tələb edir.
Rəvayət edilir ki, Əbu Bəkr belə demişdir: “Muhəmmədin Əhli-beytinə hörmət bəsləyin”. (əl-Buxari, 3713, 3751). Əbu Bəkr insanlara bu müraciəti edərək onları Rəsulullahın Əhli-beytinə hörmət etməyə çağırmışdır. Hər bir müsəlman Rəsulullahı sevib hörmət etdiyi kimi onun əhli-beytini də sevib hörmət etməlidir. Onlara əziyyət verməməli, onlar barəsində pis söz danışmamalıdır. Çünki ev sahibini sevən kimsə onun üzvlərini də sevməlidir. Ailə üzvlərinə edilən əziyyətin ailə başçısını edəcəyini düşünmək lazımdır. Şübhə yoxdur ki, ailə üzvləri ilə yaxşı münasibətdə olmaq, ailə başçısını məmnun edər. Buna görə də hər bir müsəlman Peyğəmbərin Əhli-beytini sevməli və onlar haqqında yaxşılıqdan başqa bir şey düşünməməlidir. İlk müsəlmanların tövsiyyələri belə olmuşdur. Allah bizi onların sevgisi ilə yaşatsın, bunun üzərində canımızı alsın və bizi Qiyamət günü onlarla birlikdə diriltsin!
 

Paylaş: