Ramazan ayı və Qədr gecəsi haqqında ətraflı məlumat verə bilərsinizmi?
Aleykum salam. Məlumdur ki, Qədr gecəsi Ramazan ayındadır. Çünki Allah Təala belə buyurur: "Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir". (əl-Bəqərə, 185).
Ramazan ayı 11 ayın sultanı, Qədir gecəsi isə "Gecələrin şahı" adlandırılmışdır və mübarək gecələrin ən üstünü sayılır. Qurani Kərimin enməyə başladığı, Ramazan ayının son on günün tək günlərindən biri, İslamda ən müqəddəs və fəzilətli gecə Qədr gecəsidir. Qədr gecəsi min aydan daha xeyirlidir. Qurani Kərimdə bu gecənin fəzilətini bildirən müstəqil bir surə də vardır. Bu surədə Uca Allah buyurur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur". (əl-Qədr, 1-5).
Ona görə də müsəlmanlar Ramazan gecələrini ibadətlə keçirməyə çalışırlar. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir ki: "Kim bu gecəyə çatarsa, "Allahummə innəkə Afuvvun Kərimun, tuhibbu-l-afva fa'fu annə - Allahım Sən Bağışlayansan, Səxavətlisən, bağışlamağı sevirsən, bizi bağışla!" duasını oxusun". (Əhməd, ən-Nəsəi, ət-Tirmizi).
Bəzi adamlar Ramazan ayının son gecələrini səhərədək yatmamaq üçün söhbət, əyləncə, televizor və digər vasitələrlə vaxt keçirirlər. Bu düzgün deyil. Qədr gecəsinə yetişən hər bir müsəlmana o gecənin bir hissəsini faydalı keçirməsi, Allah Təalaya çoxlu dua edib Onu zikr etməsi, Allah Təaladan bağışlanma diləməsi və Quran oxuması ona daha xeyirli olar. Çünki bu gecənin içində elə bir an vardır ki, o anda edilən ibadət və dualar mütləq qəbul olar. Bu önəmli anı yaxalamaq üçün gecənin bir hissəsini tövbə və zikrlə keçirmək lazımdır. Bununla yanaşı, Qədir gecəsinin gündüzü tutulan orucun bütün ili tutulan oruca tən olduğu bildirilmişdir. (İbn Məcəh). Qədir gecəsi "qədir" kəlməsindən gəlir. Yəni o gecə qədirbilənlik xüsusiyyəti aşkar olur. Demək, o gecənin qədrini bilməliyik ki, qədrimiz bilinsin. Sonsuz mərhəmət sahibi Allah bu gecə layiq olub-olmamasından asılı olmayaraq, hər kəsi müstəsna lütfü ilə əhatə edir. Qədir gecəsi Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) ümmətinə hədsiz sevgisindən etdiyi bir duanın qəbul olunmuş şəklidir. Belə ki, əvvəlki insanların ömür müddəti və ya onların ömründən Allahın dilədiyi qədər Peyğəmbərimizə (salləllahu aleyhi və səlləm) göstərildi. Bunu görən Rəsulullah (salləllahu aleyhi və səlləm): "Allahım, başqa ümmətlərin uzun ömürdə edə bilmədiyi (xeyirli) əməllərə ümmətimə qısa ömürdə nəsib et", – deyə dua etdi. Uca Allah da Ona min aydan daha xeyirli olan Qədir gecəsini bəxş etdi". (İmam Malik: "Muvatta" kitabı, "Etikaf" fəsli).
Min ay səksən üç il, dörd aya bərabərdir. Böyük İslam mütəfəkkiri bu məqamı diqqətə çatdırır: "Hər yaxşı əməl başqa vaxtlarda on savab qazandırırsa, rəcəb ayında bu savab yüzü keçir, şaban ayında üç yüzdən artıq olur və ramazanda minə, cümə gecələrində minlərə və Qədir gecəsində isə otuz minə çatır".
Bu gecəyə Qədr gecəsi deyilməsi onun şərəf və qiymətindən irəli gəlir. Çünki qeyd etdiyimiz kimi Quran Kərim bu gecədə nazil edilmişdir. Bu gecədəki ibadət, içərisində Qədr gecəsi olmayan min aydan daha xeyirlidir. Gələn ilə qədər baş verəcək olan hər cür hadisələr Allah Təalanın əzəli qəza və təqdiri ilə bağlı mələklərə bu gecə bildirilir. Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuzda (hifz olunmuş, qorunmuş lövhə deməkdir. Mənəvi lövhədir, olmuş və olacaq hər şey orada yazılmışdır) əvvəlcədən yazılıb. Qədr gecəsi isə Lövhi-Məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: "Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur". (əd-Duxan, 3-4).
Bu gecədə yer üzünə Cəbrayıl (aleyhis-sələm) və bir çox mələklər enər. Bu gecə dan yerinin ağarmasına qədər sabitlikdir, hər cür pisliklərdən uzaqdır. Yer üzünə enən mələklər rast gəldikləri hər bir möminə salam verərlər. Qədr gecəsinin hansı gecə olduğu dəqiq olaraq bilinməməklə bərabər ümumiyyətlə Ramazanın iyirmi yeddinci gecəsində olduğu daha ehtimal olunur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunun qəti olaraq hansı gecədə olduğunu bildirməmiş, ancaq; Siz Qədr gecəsini Ramazanın son on günü içərisində tək rəqəmli gecələrdə axtarın deyə buyurmuşdur. (əl-Buxari və Muslim).
Ubeyy ibn Kə'b (Allah ondan razı olsun) belə demişdir: "O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır". (Muslim; Əbu Dəvud; ət-Tirmizi).
İslam qaynaqlarının bildirdiyinə görə Allah Təala bir çox hikmətlərə dayanaraq Qədr gecəsini və onun xaricində daha başqa günləri də gizli tutmuşdur. Möminlər bu gecəni qəflət içərisində keçirməməli, ibadət və zikr ilə dəyərləndirməlidirlər. Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Kim Qədr gecəsinin, fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə keçmiş günahları bağışlanar". (əl-Buxari).
Qədr gecəsinin əlamətləri:
1) Həmin gecə sakitlik, əmin-amanlıq olur.
2) Möminin qəlbi rahat olur. Uca Allah buyurur: "O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)". (əl-Qədr, 5).
3) Həmin səhər günəş şüasız olaraq çıxır. Uca və Qadir olan Allahdan istəyirik ki, bu şərəfli gecəyə rast gələnlərdən və günahlarımızı bağışladığı qullardan etsin! Əmin!