Bərəkətin mahiyyəti və ona necə nail olmaq olar?

    24.09.2026

Bərəkət nədir?
 
“Bərəkət” sözü ərəbcə بَرَكَ “bərakə” feilindən olub lüğəvi mənası “sabit qalmaq” deməkdir. “Bərəkət” sözünün terminoloji mənası isə “bir şeydə xeyrin cəm olması və daimi qalması” deməkdir. Məsələn malın bərəkətli olması onun xeyirli işlərə sərf olunması deməkdir. Zürriyyətin bərəkətli olması isə övladların əməlisaleh olub valideynlərinə və xalqına xeyir verməsidir.
 
Bərəkətə necə nail olmaq olar?
 
Bərəkət Uca Allahın bəxş etdiyi böyük və uca bir nemətdir. Digər nemətlər kimi o da yalnız Allahın Əlindədir. Çünki bütün işlərin ixtiyarı Uca və Əzəmətli Allahın Əlindədir. Uca Allah buyurur: “Allahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir” (Fatir, 2). Bərəkət yalnız Uca Allaha itaət etməklə, Onun razılığını qazanmaqla və Ona asi olmaqdan uzaq durmaqla əldə edilir. Uca Allah buyurur: “Əgər o məmləkətlərin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq” (əl-Əraf, 96).
Deməli, iman gətirmək və təqvalı olmaq (Allahdan qorxmaq) bərəkətə aparan iki əsas səbəbdir. Qul bərəkətə yalnız Allaha iman etməklə nail ola bilər. Bunun başında isə imanın əsaslarına iman dayanır: Allaha iman, Onun mələklərinə, Kitablarına, peyğəmbərlərinə, Axirət gününə, qəzavü-qədərə iman etmək. İmanın əsasları barədə ətraflı oxuyun:

İslam və iman nədir?

Qəlb imanla nə qədər çox dolarsa, iman nə qədər kamilləşər və möhkəmlənərsə, Allahın lütfü və mərhəməti ilə həmin qəlbə o qədər bərəkət nazil olar. Bərəkətin digər səbəbi isə Uca Allahdan qorxmaqdır. Bu da Onun əmrlərini yerinə yetirmək və qadağan etdiyi şeylərdən çəkinməkdir. Təqva - Allahın verdiyi nur əsasında, Onun savabına ümid edərək Ona itaət etmək, Onun əzabından qorxaraq günahlardan çəkinməkdir. Təqva barədə ətraflı oxuyun:

Harada olursansa ol, Allahdan qorx!

Təqva dinin qayəsidir

 
Bərəkətə səbəb olan bəzi əməllər.
 
Bərəkətə səbəb olan əməllərdən biri də işlərə erkən başlamaq və səhər tezdən qalxmaqdır. Səhərin erkən saatlarında bərəkət vardır. Peyğəmbər ﷺ buyurmuşdur: “Ümmətim üçün səhərin erkən vaxtlarına bərəkət verilmişdir” (Səhih əl-Cami, 2841). Deməli, erkən qalxmaq, işə səhərdən başlamaq, yaxşı əməl etmək üçün nəfsə qarşı mübarizə aparmaq, eyni zamanda Allaha tam təvəkkül etmək və Ona gözəl şəkildə arxalanmaq Allahdan bərəkət qazanmağın səbəblərindəndir.
Bərəkətə səbəb olan əməllərdən biri də bərəkətin sahibi olan Allaha səmimi şəkildə yönəlmək və Ondan dua ilə ailəmizə, malımıza və övladlarımıza bərəkət istəməkdir. Uca Allah Ona dua edən qulunun duasını geri qaytarmaz və Ona yalvaran mömini ümidsiz qoymaz. Peyğəmbərdən ﷺ rəvayət edilən dualardan birində belə deyilir: “Allahım! Qulağımıza, gözümüzə, zövcələrimizə və övladlarımı­za bərəkət ver!” (Əbu Davud, 969).
Uca Allah bəzi zaman və məkanlara da bərəkət vermişdir. Zamanlardan Ramazan ayı, Qədr gecəsi, cümə günü və s. Məkanlardan Məscidul-Haram və Məsciduləqsa mübarək məkanlardır. Uca Allah Məsciduləqsa haqqında belə buyurur: “Ayələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul­əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (əl-İsra, 1). Ümumilikdə məscidlər də bərəkətli məkanlardır. Onlar Allahın ən çox sevdiyi yerlərdəndir.
 
Bərəkəti yanlış yerdən umanlar
 
Lakin insanlar arasında elm azaldıqda, cəhalət yayıldıqda, bərəkət istəməyin həqiqi mənası və ona nail olmağın doğru yolu da unudulur. Belə ki, bəzi insanlar bərəkət əldə etmək niyyətilə yanlış yerə yönəlir və cahiliyyə əməllərinə əl atırlar. Səhih hədislərin birində Əbu Vaqid rəvayət edir ki: “Bir dəfə biz Peyğəmbərlə ﷺ birlikdə Hüneyn adlanan yerə gedirdik. Biz (Məkkənin fəthindən sonra) İslamı yeni qəbul etmişdik. Yolda müşriklərə məxsus bir sidr ağacının yanından keçdik. Onlar (bərəkət ummaq üçün) həmin ağacın yanında qalır və silahlarını  ondan asırdılar. Bu ağaca “Zətu-Ənvat” deyirdilər. Biz dedik: “Ey Allahın Elçisi! Onların Zətu-Ənvatı olduğu kimi, bizim üçün də bir Zatu-Ənvat (ağac) təyin et”. Peyğəmbər ﷺ təəccübündən “Allahu Əkbər!” — buyurdu. Başqa bir rəvayətdə isə “Subhanallah!” — buyurdu. Sonra dedi: “Canım Əlində olan Allaha and olsun ki, siz İsrail oğullarının Musaya dedikləri sözün eynisini dediniz: “Ey Musa! Onların ilahları (bütləri) olduğu kimi, bizim üçün də bir ilah düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir qövmsünüz” (əl-Əraf, 138). Siz də sizdən əvvəlkilərin (Kitab əhlinin) yollarına mütləq uyacaqsınız”. (ət-Tirmizi, 2180).
Bu hədis cahiliyyət əhlinin bərəkət olduğunu zənn etdikləri yerlərdə etdikləri yanlış əməlləri açıqlayır. Onlar həmin sidr ağacının yanında dayanır, uzun müddət orada qalırdılar. Onlar bunu ağacdan bərəkət əldə etmək ümidi ilə edirdilər. Həmçinin silahlarını ağacdan asırdılar ki, onun bərəkətindən faydalansınlar. Beləliklə, onlar bərəkət məsələsində üç böyük xətaya yol verdilər:
Birinci: həmin ağacı ucaltdılar, ağaca təzim etdilər.
İkinci: ondan bərəkət əldə etmək ümidi ilə ağacın yanında uzun müddət qaldılar.
Üçüncü: onun bərəkətindən faydalanmaq məqsədilə silahlarını ağacdan asdılar.
Bu cür yanlış əməllər insan cahillik və zəlalət içində olduqda meydana çıxır. Elə buna görə də hədisi rəvayət edən Əbu Vaqid əl-Leysi (Allah ondan razı olsun) belə üzr bildirmişdi: “Biz İslamı yeni qəbul etmişdik”. Yəni İslamın bütün incəliklərini və şəriət hökmlərini hələ bilmirdik. Buna görə də Peyğəmbərdən ﷺ belə bir şey istədik. Lakin tövhidi dərindən anlayan, onun bütün əsaslarını bilən və şirkə aparan yolları tanıyan insan belə bir söz söyləməz.
Bütün bunlardan anlayırıq ki, bərəkət yalnız Allahdandır və ona yalnız Allaha itaət etməklə və Onun şəriətinə bağlı qalmaqla nail olmaq mümkündür. İnsan bərəkət axtararkən doğru yoldan uzaqlaşıb Allaha şərik qoşulan pirlərə üz tutmamalıdır. Həmin yerlərdə oturmaq, onlara əl sürtmək, torpaqlarından götürmək və buna bənzər cahiliyyət əməlləri ilə bərəkət axtarmaq doğru deyil. Çünki bunlar bərəkət əldə etməyin səbəbləri deyil. Əksinə, bərəkətin məhv olmasına səbəbdir. Çünki bunlar Allaha şərik qoşmağa aparan əməllərdir. Şirk isə bərəkəti məhv edən ən böyük səbəblərdəndir. Çünki Allaha şərik qoşmaq günahların ən böyüyü, ən təhlükəlisi və ən ağırıdır.
Uca Allahdan diləyirik ki, hamımıza bərəkət versin! Allahdan həmçinin bərəkəti məhv edən bütün səbəblərdən bizi qorumasını diləyirik!
Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinə olsun!

Paylaş: