İstixarə, gecə namazı, səhv səcdəsi və niyyət haqqında
Salam aleykum.
Əvvəlcə niyyət barədə: Niyyəti dillə demək və ya ürəyində öz-özünə nəsə demək bidətdir (dində yenilik). Niyyət etmək - bir işi görməyə məqsədi olmaq deməkdir. Məsələn, gecə namaz qılmaq məqsədilə yuxudan durmusunuzsa, deməli gecə namazı qılmağa niyyət etmisiniz. Daha ətraflı: Niyyəti dil ilə deməyin bidət olması barədə
İstixarə namazını günün istənilən vaxtı (namaz qadağan olan vaxtlardan başqa) qılmaq olar. İstixarə duasını əzbər bilirsinizsə, namazda salamlardan əvvəl, əks halda salam verib namazı bitirdikdən sonra kitabdan oxuya bilərsiniz. Daha ətraflı: İstixarə namazı necə qılınır?
Gecə namazı işa namazından sübh namazına qədər istənilən vaxt qılına bilər, amma ən fəzilətli vaxt gecənin son üçdə biridir. Gecənin son üçdə birini hesablamaq üçün məğrib namazından sübh namazına qədər olan vaxtı 3 yerə bölüb, son hissəni götürürsünüz. Fərz edək ki, məğrib 18:00-da, sübh isə 6:00-dadır. Arada 12 saat vaxt var. 12-ni 3-ə böldükdə 4 edir. Bu zaman gecənin son üçdə biri saat 2:00 və 6:00 arasındakı vaxtdır. Həmçinin oxuyun: Gecə namazı necə qılınır?
Namazda etdiyiniz səhv namazı bitirməzdən əvvəl yadınıza düşsə, səhv səcdəsi salamdan əvvəl edilir, əks halda salamdan sonra edilir. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir?