Namazda quran oxuyarkən səcdə ayəsinə çatanda səcdə etməliyikmi?
Aleykum salam. İstər namazda, istərsə də adi vaxt Quran oxuyarkən səcdə ayəsinə çatdıqda səcdə etmək vacib yox, təkid olunmuş sünnə əməllərdəndir -- edən savab qazanır, etməyənə isə günah yoxdur. Səcdəni həm Quran oxuyan, həm də onu dinləyənlər edirlər. Səhabələrdən rəvayət edilən müxtəlif hədislərdə peyğəmbərin (sallallahu aleyhi və səlləm) səcdə ayələrini oxuduqdan sonra dərhal səcdəyə qapandığını bildirilmişdir. (əl-Buxari: "Sucud", 8, 9, 12). Bəzən səcdə etməməsi haqqında da dəlil var. Zeyd ibn Sabit (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərə (salləllahu aleyhi və səlləm) Nəcm surəsini oxudum və bizdən heç kəs səcdə etmədi", (əl-Buxari: "Sucud", 6; Muslim: "Məsəcid", 106; ət-Tirmizi: "Cumə", 52; ən-Nəsəi: "İftitah", 50). Zeyd ibn Sabit (radıyəllahu anhu) həmin surəni onun üçün oxumuş, amma o səcdə etməmişdir. (əl-Buxari, 1073). Burada məqsəd, tilavət səcdəsinin qeyri vacib olmasını bildirməkdir. Bu məlumatları Hafiz İbn Həcər əl-Əsqəlani (Allah ona rəhmət etsin) "əl-Fəth" kitabında (2/555) qeyd etmişdir. Tilavət səcdəsinin dəstəmazsız, qibləyə yönəlmədən istənilən halda edilməsinə səbəb isə onun namaz hesab olunmamasıdır. (İbn Həzm:"əl-Muhəllə", 5/111). Səcdə ayəsini oxuduqda səcdə etmək mümkün olmayan yerlərdə bu səcdə edilmir. Bundan əlavə, Ömər (Allah ondan razı olsun) "ən-Nəhl" surəsindəki səcdə ayəsini ikinci cümədə oxumuş və camaatı səcdə edib-etməməkdə sərbəst buraxaraq demişdir: "Səcdə edən savab qazanar, səcdə etməyənə isə hər hansı günah yoxdur". Ömər (Allah ondan razı olsun) özü səcdə etməmişdir. Abdullah İbn Ömərin (Allah onlardan razı olsun) rəvayətində belə qeyd olunur: "Allah bizə səcdə etməyi fərz buyurmamışdır, lakin özümüz istəsək edərik". (əl-Buxari: "Sucud", 10).
Səcdə ayəsini oxuduqdan sonra təkbir gətirərək (Allahu Əkbər deyərək) səcdəyə getmək və üç dəfə "subhəənə rabbiyəl-a'lə" demək lazımdır. Bundan sonra isə tilavət səcdəsindəki duanı oxumaq bəyənilən əməldir. Sonra səcdədən qalxıb ya həmin surəsinin ardını oxumaq, ya başqa surəni oxumaq, ya da heç bir şey oxumadan yenidən təkbir gətirib rükuya getmək və beləcə namaza davam etmək lazımdır. Tilavət səcdəsi namazdakı səcdələr kimi iki dəfə yox, bir dəfə edilir. İbn Həzm "əl-Muhəllə" adlı kitabında (5/105-106) deyir: "Quranda on dörd yerdə səcdə məqamı vardır: əl-Əraf, 206; ər-Rə'd, 15; ən-Nəhl, 50; əl-İsra, 109; Məryəm, 58; əl-Həcc, 18; əl-Furqan, 60; ən-Nəml, 25; əs-Səcdə, 15; Sad, 25; Fussilət, 38; ən-Nəcm, 62; əl-İnşiqaq, 20-21; əl-Aləq, 19".