Peyğəmbər təşəhhüddə barmağını düz, yoxsa əyri tutardı?
Sual:
Əs sələmu aleykum va rahmətullahi va bərakətuhu. Öncəliklə, sizə İslamı insanlara Quran və Səhih Sunnə ilə tanıtdığınıza görə təşəkkürümü bildirirəm. Allah Subhənəhu va Təalə sizin dəvətinizi möhkəmləndirsin. Sizə 2 sualım olacaq in şə ALLAH.
***
1) Bildiyimiz kimi, Allah Rəsulu (sallAllahu aleyhi va səlləm) təşəhhüddə barmaqlarını yüngülcə tərpədər, bəzən də tərpədməzdi. Bəs barmaqlarının vəziyyəti necə idi? Yəni, barmaqlarını əyirdi yoxsa, düm-düz tutardı? Bildiimiz kimi, Şeyx əl-Əlbəni də barmaqların əyilməsinə aid hədisləri zəif hesab etmişdir.
2) Allah Rəsulunun (sallAllahu aleyhi va səlləm) Səhih Sunnəsində salamlaşarkən " əs sələmu aleykum va rahmətullahi va bərakətuhu VA MƏĞFİRATUHU " demək gəlibmi?
*** Allah sizdən razı olsun. Əs sələmu aleykum va rahmətullahi va bərakətuhu.
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
- Səhih hədislərə görə Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) təşəhhüddə barmağını düz tutardı. Amma İslam alimləri deyirlər ki, barmağı bir az əyilmiş, maili tutmaqda da bir qəbahət yoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) təşəhhüdü deyərkən sonuna qədər hərdən şəhadət barmağını yüngülcə tərpədərdi, hərdən də tərpətməzdi. Hədisə deyilir: "Peyğəmbər işarə (şəhadət) barmağını qaldırar və onunla dua edərdi". (Tirmizi, Salət, 294; Darimi, Salət: 83; Nəsəi, İftitah: 189). Aişə (radıyallahu anhə) rəvayət edir ki, peyğəmbər (təşəhhüdü oxuduğu zaman) sol ayağının üzərində oturub sağ ayağının barmaqlarını qibləyə tərəf yönəldərdi. (Muslim, 1110). Daha ətraflı: Namazda təşəhhüddə barmağı nə üçün qaldırırlar?
- Sünnədə gələn salamlaşma qaydasında qeyd etdiyiniz ibarə (va məğfiratuhu) bəzi hədislərdə nəql olunsada, hədis alimlərinə görə onların hamısı zəif hədislərdir. Quran və Sünnədə gələn xəbərlərə görə salam verməyin ən üstün forması belədir: "Əssələmu aleykum va rahmətullahi va bərakatuhu" (Uca Allahın sizə salamı, rəhməti və bərəkəti olsun). Uca Allah buyurur: "Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir". (ən-Nisə, 86). Daha ətraflı: Sizə salam olsun!