Xuşu nədir və necə əldə edilir?

    03.09.2015
Sual: 
Salam aleykum. Xüşü tam mənasıyla nə deməkdir? İnsan onu necə əldə eləməlidir? ALLAH razı olsun.
Cavab: 

Aleykum salam. Xuşu Allahdan qorxaraq qəlbin Allaha yönəlməsidir: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər (xuşuludurlar)"(əl-Mu'minun, 1-2). 
Ayə haqqında Mucahid (rahiməhullahu) belə deyir: "(Allaha hörmətlə boyun əymək kimi tərcümə edilən xuşu sözü) Allaha itaət, Allah qorxusu nəticəsində bədəndə yaranan sükunət, qəlbdə olan qorxu, namaz qılarkən gözlərin aşağı baxması, çiyinlərin də aşağı vəziyyətdə olmasıdır". 
Abdullah ibn Ömər (radıyallahu anhumə) isə bu ayənin izahında belə deyir: "Səhabələr namaz üçün qiyama duranda heç bir şeylə maraqlanmaz və bütün varlıqları ilə özlərini namaza verərdilər. Gözlərini səcdə yerinə dikər və Allahın onlara baxdığını düşünərdilər".
Həmçinin namazın müti şəkildə qılınması ilə bağlı Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləlahu aleyhi və səlləm) belə demişdir: "İnsan namaz qılarkən Allahın hüzurundadır. Namazda sağa, sola baxarsa, Uca Allah deyər: "Kimə diqqətlə baxırsan? O diqqətlə baxdığın sənin üçün Məndən xeyirlidirmi? Adəm oğlu Mənə yönələrsə, Mən onun üçün diqqətlə baxdığı şəxslərlə müqayisədə daha xeyirliyəm". (əi-Tərğib vət-Tərhib, 1/370).
Qatadə (radıyəllahu anhu) isə belə demişdir: "Namaz qılarkən qəlbdə Allah qorxusu daşımaq və baxışları yerə zilləmək mütilikdir".
Rəsulullah (sallalahu aleyhi və səlləm): "Bu adamın qəlbində mütilik olsa idi, onun əlaməti əzalarında da görünərdi". (əi-Camius-Sağir, 3/44).
Aişənin (radıyəllahu anhə) anası Ummu Ruman belə demişdir: "Mənim namazda sağa-sola baxdığımı görən Əbu Bəkr (Allah ondan razı olsun) bunu mənə elə qadağan etdi ki, az qala namazdan çıxacaqdım. Sonra da əlavə etdi ki, mən Rəsulullahın (salləlahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Sizdən hər hansı biriniz namaz qıldığı zaman sağına, soluna baxmağı tərk etsin və yəhudilər kimi sağa-sola meyl edib (yırğalanıb) durmasın. Çünki namazda bədən üzvlərinin hüzur içində olması namazın kamilliyindəndir". (əi-Camius-Sağir, 1/27).
Qəlbin mütiliklə Allaha yönəlməsi halında Uca Allah da bəndəsinə yönələr. Necə ki, bir hədisdə belə buyurulur: "Namaz qılan bəndə sağa-sola baxmadıqca Allah Təala ona yönələr. Bəndə sağa-sola baxanda isə ondan üz çevirər". (Əbu Davud "Salət", 161).
Əbu Suleyman əd-Darani deyir ki: "Bəndə namaza durduğu zaman Uca Allah belə buyurar: "Bəndəm ilə mənim aramdakı pərdələri qaldırın!" Əgər bəndə sağa-sola meyl etməyə başlasa, Uca Allah bu dəfə belə deyər: "Onunla mənim aramdakı pərdələri endirin!" Hər kəsin namazdakı ədəbi Allaha yaxınlığı ölçüsündədir".
Qıldığımız hər namazı sanki ömrümüzün son namazını qılırmış kimi diqqətlə qılmalıyıq. Hədisdə belə buyurulur: "Qıldığın namazı ən son namazınmış kimi, bir daha namaz qılmaq fürsəti olmayacaq bir adamın qıldığı namaz kimi qil!" (İbn Məcəh "Zuhd", 15).
Uca Allah xuşulu kişi və qadınlara böyük bir mükafat vəd etmişdir: "Həqiqətən Allah məhz müti kişilər və qadınlar, və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır!" (əl-Əhzab, 35).
Mütilik, müsəlman üçün o qədər önəmli bir haldır ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) daima bu halı Allahdan istəyərdi və bu halın olmamasından da Allaha sığınardı: "Allahım! Sənə rüku etdim, Sənə iman gətirdim, Sənə təslim oldum! Qulağım, gözüm, beynim, sümüyüm, sinirim və ayaqlarımın üs­tündə dayanan (bədənim) Sənə tabe oldu!" (Muslim, 1/534. İbn Məcəh istisna olmaqla "Sunən" əsərləri­nin müəllifləri).
Zeyd ibn Arqam (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər bu cür dua edərdi: "Allahım! Faydasız elmdən, qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olunmayan duadan Sənə sığınıram". (Muslim).
Xuşunu necə əldə etmək haqqında buradan oxuyun:
Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır? 
Namazda bəyənilməyən əməllər hansılardır?

Teqlər: 
Paylaş: