107. əl-Maun surəsi

"Xırda-xuruş" surəsi, 7 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

 

1. Dini yalan sayan o kimsəni gördünmü?

2. O elə adamdır ki, yetimi qovar

3. və heç kəsi kasıba əl tutmağa sövq etməz.

4. Vay halına namaz qılanların –

5. o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.

6. Onlar riyakardırlar

7. və az bir şey verməkdən belə imtina edirlər.