Vəhy nədir?

    16.02.2014

      Ərəb dilində vəhy sözü tez və gizli gələn xəbərə deyilir. Həmçinin, vəhy sözünün ilham, işarə, yazı mənaları da vardır. Peyğəmbərlərə gələn vəhy Uca Allahın onlara şəriət qanunu və ya kitab kimi çatdırmaq istədiyi xəbəridir.

Vəhyin növləri

Allahdan gələn vəhyin növləri əş-Şura surəsində bildirilmişdir: “Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Ucadır, Müdrikdir (əş-Şura, 51).
Uca Allah bu ayədə bildirir ki, vəhyin üç növü vardır:

Birinci növ - mücərrəd vəhydir ki, bu da Allahın peyğəmbərlərin qəlbinə istədiyi bir şeyi çatdırmasıdır. Uca Allah buyurur: “ancaq vəhylə...” (əş-Şura, 51).
Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: ”Müqəddəs ruh (Cəbrail) mənim qəlbimə çatdırdı ki, heç bir insan onun üçün müəyyən olunmuş ruzini tam əldə etməyincə ölməyəcək. Odur ki, Allahdan qorxub ruzinizi gözəl şəkildə axtarın.” 
Bəzi alimlər peyğəmbərlərin yuxuda gördüklərini də bu qismə aid etmişlər. Uca Allah İbrahim barəsində belə xəbər verir: “İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən! (əs-Saffat, 102).
Peyğəmbərliyin başlanğıcında Peyğəmbərimizin gördüyü yuxular da bu qəbildəndir. Aişə demişdir: “Allahın elçisinə ilk vəhyin gəlməsi yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh çağının aydınlığı kimi gerçəkləşməsin.”

İkinci növ - pərdə arxasından vasitəsiz olaraq danışmaq. Bu, bəzi peyğəmbərlərə nəsib olmuşdur. Məsələn, Uca Allah Öz kitabı Qurani Kərimdə Musa peyğəmbərlə bilavasitə danışmağı barədə xəbər vermişdir. Bu barədə Uca Allah buyurur: 
“Və Allah Musa ilə sözlə (vasitəsiz) danışdı” (ən-Nisa, 164).
“Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı” (əl-Əraf, 143).
Uca Allahın Adəmlə danışması da belə olmuşdur: “Adətövbə etmək üçüRəbbindən kəlmələr öyrəndi (əl-Bəqərə, 37).
Həmçinin, Uca Allah Muhəmməd peyğəmbərlə də İsra gecəsi danışmışdır. Uca Allah buyurur: “Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır (əş-Şura, 51).

Üçüncü növ - mələk vasitəsilə olunan vəhy. Uca Allah buyurur:
“yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir (əş-Şura, 51).
Cəbrail də bu minvalla peyğəmbərlərə vəhy çatdırmışdır. Qurani Kərim bütövlükdə beləcə nazil olmuşdur. Uca Allah Quranı söyləmiş, Cəbrail də onu eşitmiş və Uca Allahdan eşitdiklərini Muhəmmədə çatdırmışdır. Uca Allah buyurur: 
“Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir. Onu sadiq ruh Cəbrail endirdi – sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan (əş-Şüəra, 192-194).
Həmçinin, O buyurur: “De: “Müqəddəs Ruh Cəbrail onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir (ən-Nəhl, 102).
Cəbrail vəhyi Peyğəmbərimizə üç yolla çatdırardı:
1. Ya Peyğəmbər onu yaradıldığı surətdə görərdi. Bu da yalnız iki dəfə baş vermişdir.
2. Ya vəhy ona zınqırov cingiltisi kimi gələr, o da onu qavrayardı.
3. Ya da Cəbrail kişi qiyafəsinə girərək Peyğəmbərə görünər və vəhyi ona xitab edərdi. Cəbrailin hədisi kimi tanınan məşhur hədisdə göstərildiyi kimi o, Peyğəmbərin yanına gəlib İslamın əsasları barəsində soruşması bu növə aiddir. 
Peyğəmbər bir hədisdə axırıncı bu iki növdən xəbər vermişdir. Hədisdə deyilir ki, Haris ibn Hişam Peyğəmbərdən soruşdu: “Ey Allahın Rəsulu, sənə vəhy necə gəlir?” Peyğəmbər dedi: “Bəzən vəhy mənə zınqırovun cingiltisi kimi gəlir və mənə ən ağır gələni də elə budur. Bu hal məndən çəkilən kimi
mələyin mənə söylədikləri yadımda möhkəm qalırdı. Bəzən də mələk mənə kişi qiyafəsində görünür, mənimlə danışır, mən də onun söylədiklərini yadda saxlayıram.” (Səhih əl-Buxari, 2).
 

Paylaş: