Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?

    01.03.2014
Sual: 
Salam aleykum. Heyzli olduqda namaz qılmaq üçün neçə gün müddət var? Mənim xəstəliyim var və bu heyz halım uzun sürür. Ona görə də namaz qılmamışam. Ta ki təmizlənənə qədər. Buda 2 həftəyəcən çəkir.
Cavab: 

Və aleykum Salam. İstihazə qanı - heyz (aybaşı) və ya nifas (doğuşdan sonra qan gəlməsi) olmayan vaxtlarda, yaxud bu hallardan dərhal sonra ifraz olunan qandır. Heyzlə haram olan əməllərin heç biri istihazə ilə haram olmur. İstihazəli qadın sadəcə olaraq hər namaz üçün dəstəmaz almalıdır. Çünki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) istuhazə olan qadına belə demişdi: "...sonra hər namaz üçün dəstəmaz al". (Əbu Dəvud, 195; İbn Məcəh, 624). 
     
Birinci vəziyyətdə, yəni heyz və nifas olmayan vaxtlarda, istihazə qanını ayırd etmək rahatdır. Yəni əgər nə heyz, nə də nifas olmayan bir gündə, qadından qan ifraz olarsa, bu istihazə qanıdır.
     İkinci halda isə, yəni heyz və ya nifasdan dərhal sonra gələn qanı fərqləndirmək üçün bu ardıcıllığa əməl edilməlidir: İlk olaraq qadın əvvəlki adətinə baxmalı, əgər bunu bilməsə, o zaman qanı fərqləndirməlidir. Əgər qadın daim bəlli müddət qədər heyz olursa (yəni, daimi adəti varsa), bundan əlavə günlərdə gələn qan istihazə qanıdır. Çünki Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) Ummu Həbibəyə (Allah ondan razı olsun) belə demişdir: "Əvvəlki heyzinin müddəti qədər gözlə, sonra çim və namazını qıl". (Muslim, 334). 
     
Əks halda qadın qanı fərqləndirməyə çalışmalıdır. Hamının bildiyi kimi heyz qanı qara olur. Bundan əlavə gələn qan isə istihazədir. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) Fatimə binti Əbu Hubeyşə (Allah ondan razı olsun) belə demişdir: "Əgər heyz qanıdırsa, namaz qılma. Bu qan qara olur və tanınır. Yox əgər başqa qandırsa, bu istihazədir və belə halda dəstəmaz al (namazlarını qıl)". (Əbu Dəvud, 283).
     Əgər qadın istihazə qanını da fərqləndirə bilmirsə, onda yaşadığı yerdə əksər qadınların adətinə uyğun hərəkət etsin. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) Həmnə bint Cəhşə (Allah ondan razı olsun) demişdir: "Bu şeytanın əziyyətlərindən biridir. Sən Allahın bildiyi qədər altı və ya yeddi gün heyz ol, sonra qüsl et. Təmizləndikdən və heyzdən qurtulduqdan sonra ayın 24 və ya 25 gününü namaz qıl və oruc tut. Bu sənə kifayətdir. Hər ay belə et. Digər qadınlar heyz və təmizlik müddətinə görə necə heyz olub təmizlənirsə, sən də elə et". (Əbu Dəvud, 1/475; ət-Tirmizi, 1/83).
     Nifas - doğum səbəbi ilə axan qandır. Bu qanın ən çox müddəti qırx gündür. Ummu Sələmə (Allah ondan razı olsun) deyir: "Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında nifaslı qadınlar qırx gün nifas müddəti saxlayardılar". (İbn Məcəh, 648; Əbu Dəvud, 307). Qanın qırx gündən tez bir vaxtda kəsildiyini görən nifaslı qadın çimib təmizlənir və təmizləndiyi vaxtdan namaz qılmağa başlayır. Əgər qanaxma qırx gündən çox davam etsə, qırx günün tamamında çimib təmizlənir. O, nifas vaxtı qılmadığı namazların qəzasını qılmır.

Paylaş: