Quranda hicab ayələri hansılardır?

    08.12.2018
Sual: 
Quranda hicab ayeleri hansilardir?
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız". (ən-Nur, 31).
"Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 59).
"Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin...". (əl-Əhzab, 32-33).
"Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib süfrəyə dəvət olunmadıqca Peyğəmbərin evlərinə girməyin və əvvəlcədən gəlib yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir və o sizdən utanır. Allah isə sözün açığını sizə bəyan etməkdən utanmır. Peyğəmbərin zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allahın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır". (əl-Əhzab, 53).
Quran ayələrindən əlavə qadınların hicab bağlaması səhih hədislərdə də xəbər verilmişdir. Belə ki, Aişə (Allah ondan razı olsun) belə rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) fəcr namazını (sübh namazı) qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı". (Səhih əl-Buxari, 578; Səhih Mislim, 1456). 
Nuseybətu bint Kə'b əl-Ənsariyyə - Ummu Atiyyə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edərdi. Heyzli qadınlar namaz qılınan yerdən kənarda dayanar və o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər. Mən dedim: "Ey Allahın elçisi! Bizdən birinin hicabı olmadıqda nə etsin?" O dedi: "Bacısı (Burada istənilən müsəlman qadın nəzərdə tutulur) hicablarından birini ona versin!" (Səhih əl-Buxari, 980; Səhih Muslim, 2053). Həmçinin oxuyun: Hicab - azadlıqdır!

Teqlər: 
Paylaş: