Dəvə ayaq üstə kəsilməlidirmi?

    20.02.2019
Sual: 
Asalamaleykum.sunnede deveni ayaquşte qurban kesilmesi sehihdirmi? ALLAH razi olsun.
Cavab: 
Və aleykum Salam. Qoyun, keçi, inək və camış cinsindən olan heyvanlar yatırılıb çənələrinin altından, dəvə isə ayaq üstə sol ön ayağı bağlanaraq köksünün üzərindən kəsilir. Heyvanın boğazının iki tərəfindəki şah damarları, nəfəs borusu kəsilməli və heyvanın qanı axıdılmalıdır. Ona görə də qurban kəsildikdə riayət edilən müstəhəb qaydalardan biri də dəvənin ayaqüstə digər qurbanlıq heyvanların isə uzanan yerdə kəsilməsidir. Çünki dəvə yaradılış cəhətdən digər heyvanlardan fərqləndiyi üçün onun kəsilmə üslubu da digər qurbanlıq heyvanların kəsilmə üslubundan bir az fəqlənir. Əgər digər heyvanların kəsilməsinə ərəbcə zəbh (heyvanı boğazlamaq, kəsmək, xüsusi formada qanın axıdılması) deyilirsə, dəvənin kəsilməsinə isə ərəbcə nəhr (boynun şahdamarını kəsmək. Bu da dəvə qurban edilərkən sinəsinin üstünə, boğazının ən son yerində şah damarı, qanın toplanma yeri və əsas olan damar orada olduğu üçün bıçağın, xəncərin, iti bir alətin və s. ora sancılaraq kəsilməsi) də deyilir. Ənəs (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) yeddi dəvəni ayaqüstə kəsmişdir. (Səhih əl-Buxari). Buradan da bəlli olur ki, dəvənin iki cür kəsim forması vardır, həm uzadılaraq, həm də ayaqüstə -- buna da nəhr deyilir. Uca Allah buyurur: "Biz qurbanlıq dəvələri də sizin üçün Allahın (dininin) ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. (Onları) səf-səf düzülmüş halda (kəsərkən) Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz". (əl-Həcc, 36). Təfsir alimləri bu ayənin təfsirində demişdirlər ki, dəvənin kəslməsi daha bir özəlliklə fərqləndiyi üçün bu ayə dəvənin ayaqüstə kəsilməsinə də dəlildir. Belə ki, dəvənin sol ön ayağını bağlayır və o üç ayağı üstə dayanır və sonra onu kəsirlər. İslam şəriəti əmr edir ki, heyvan kəsiləcək yerə incidilmədən götürülməli, kəsəcək alətini itiləməli, kəsən şəxs heyvana əziyyət etməməli və bıçağı heyvana göstərməməlidir. Həmçinin oxuyun:
Paylaş: