Arzularımın istədiyim anda həyata keçmədiyinə görə narazılıq etməyim naşükürlükdürmü?

    26.06.2019
Sual: 
Salam.Niwanlim uzurli sebeblerden imkan cehetden gedib uzaqda bir mudetlik iwlemek mecburiyetnde qaldi ve mende naraziliq etmeyim duzgundu? Ve isdediklerim isdedyim anda olmadigi ucun cox nasukurluk edirem heyatimdan naraziyam beynim cox qariwiqdi zehmet deyilse komek ede bilersiz?
Cavab: 
Va aleykum salam. Sualın birinci hissəsinə gəlincə, buna cavab vermək üçün məsələni təfsilatlı bilmək lazımdır. Əgər dediyiniz kimi üzürlü səbəbdən uzaq yerdə işləyirsə, o zaman səbir etməyiniz daha yaxşı olar.
Sualın ikinci hissəsinə gəlincə, Allahdan xeyirli olanı və xeyirli zamanda istəmək lazımdır. Bizim üçün nəyin və nə zaman xeyirli və ya ziyan olacağını Allahdan başqa heç kəs bilməz. Ola bilsin insan bir şeyi istəsin və buna görə Allaha dua etsin və bunun onun üçün xeyirli olacağını sansın, lakin Uca Allah Öz əzəli elmi ilə bilir ki, bu onun üçün ziyandır və istədiyini quluna vermir. İnsan isə buna görə ümidsizliyə qapanır, üsyan edir, "niyə baş vermədi?" deyir. Halbuki, sonradan düşündükcə anlayır ki, həmin an bu baş versəydi zərər görərdi. Uca Allah bu xüsusda buyurur: "Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz" (əl-Bəqərə, 216). Bu səbəbdən Uca Allahdan istədikdə hər şeyin xeyirlisini istəmək lazımdır. Bir şeyi niyyət etdikdə əvvəlcə "istixarə duası" edin. İstixarə duası ilə insan etmək istədiyi işi Allaha həvalə etmiş olur. İstixarə duasında: "Allahım, bu işin (işin adını çə­kir) mənim dinim, yaşayı­şım və aqibətim üçün tez və ya gec xeyirli ol­duğunu bilirsənsə, onu mənə nəsib et, asan­laşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim di­nim, yaşa­yı­şım və aqibətim üçün tez və ya gec zərərli ol­du­ğu­nu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olur­sa-olsun, mənə xeyir nəsib et, son­ra məni ondan razı sal!" - deyir. Beləliklə, Allahdan dünya və Axirətin üçün xeyirli olanları istəməkdə davam et! Bil ki, istədiyin heç vaxt cavabsız qalmır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisdə deyir:  "Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsil­məsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər - ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər". Əbu Səid (Allah ondan razı olsun) dedi: "Elə isə duaları çoxaldaq!" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Allah daha çox verəndir!" (əl-Buxari: "Ədəbul-Mufrad", 710).
Uca Allah buyururr: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər" (əl-Bəqərə, 186). Ayədən göründüyü kimi əgər dualarının qəbul olmağını istəyirsənsə, sən də Allahın çağırışını qəbul etməlisən. Yəni həyatını Allahın buyurduğu şəkildə - haramlardan çəkinməklə, Allahın buyurduqlarını etməklə qurmalısan. Uca Allah buyurur: "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır" (əş-Şura, 30). Həmnçinin, bu sualların cavablarına qayıda bilərsiniz: 
Teqlər: 
Paylaş: