Allah tərəfindən kiməsə vergi verilə bilərmi?

    12.11.2019
Sual: 
Salam, Allah tərərfindən bir insana vergi verilməsi doğrudurmu? Neçə vaxt xəstə yatıb düzələndən sonra bunu bilib.
Cavab: 

Va aleykum salam. Ümumiyyətlə dinimizdə "vergi" deyilən bir anlayış yoxdur. Bu, bəzi yalançı və dələduz insanların avam camaatı aldatmaq və onların pullarını mənimsəmək üçün istifadə etdikləri üsullardan biridir. Bəziləri güya yuxuda ikən ağsaqqal bir kişinin ona vergi verdiyini, bəziləri isə güya bir müddət xəstə yatdıqdan sonra ona vergi verildiyini iddia edir. Vergi dedikdə onlar qeybi bilmək, insanları sağaltmaq, fala baxmaq və s. bu kimi qeyri-adi bacarıqları nəzərdə tuturlar. Əslində isə onlar yalançı və fırıldaqçıdırlar. Bəziləri hiylə işlədib insanlara bunu kəramət kimi qələmə verirlər. Halbuki, onların etdikləri şeytanların və cinlərin vasitəsilə həyata keçirdikləri sehr və cadudan başqa bir şey deyildir. Kəramət Allahın Öz əməlisaleh qullarına onları dində sabit etmək və başqalarına ibrət olsun deyə ikram olaraq verdiyi bir nemətdir. Lakin kəramət insanın ona ehtiyac duyduğu vaxt bir dəfə baş verir. Sehrbazların və falçıların iddia etdikləri kimi daimi qalmır. Həmçinin, diqqət etsək, görərik ki, özünə vergi verildiyini iddia edən şəxs çox vaxt dini savadı olmayan, günahkar, təkəbbürlü və Allaha asi bir insan olur. Kəramət insanın istəyi ilə gəlmir. Onu Allah istədiyi vaxt və istədiyi əməlisaleh quluna verir. Kəramət sahibi təkəbbürlü olmaz və onu insanlar arasında yaymaz. Bu səbəbdən özünə vergi verildiyini iddia edən insanlara inanmayın, onların yanına getməyin. Bilin ki, qeybi (gələcəklə bağlı məlumatları) Allahdan başqa heç kəs bilmir. Uca Allah buyurur: "De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər". (ən-Nəml, 65). Həmçinin oxuyun:
Allaha dua edərkən kəramət sahiblərinin xətrini vasitə tutmaq olarmı?
Falçılar necə olur ki, doğru xəbər verirlər?
Yuxuda vergi verildiyini və gələcəkdən xəbər verdiyini deyən insan haqlıdırmı?

Teqlər: 
Paylaş: