İçki içməyə 4 dəfə tövbə edib hər dəfə tövbəsini pozanın bir daha tövbəsi qəbul olarmı?

    10.09.2020
Kimdən: 
Bir gunahkar
Sual: 
Salam aleykum.men 4-5 defe içki içib tovbe etmişem .hem de namaz qilirdim .amma namazimda da sehlenkarliqlar edirdim .bir gun bir hedis rastima çixdi. içki haqda .o hedisde yazilmişdi ki 4 cü defe tovbe edib yene içse 40 gün namazi qebul olunmaz 've tovbe etse tovbesi qebul olunmaz .bu hedisi ewidende ço üzüldüm .qelbim sixilir .bu gunahlari etdiyime gore cox peşmanam .bu suali gözüm yaşlı yaziram .Allah subhanahu va taala meni bağişlayarmi ?
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, sərxoşedici içki və vəsitələr İslamda böyük günahlardan biridir. Hətta Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) içkini bütün pisliklərin anası adlandırmışdır. Daha ətraflı:
Sualda qeyd etdiyiniz hədis belədir: Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: "Kim sərxoşedici içki içərsə, Uca Allah qırx gün onun qıldığı namazları qəbul etməz (namazlara görə ona savab yazmaz). Əgər bu halda ölərsə, Oda girər, əgər tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Əgər tövbə etdikdən sonra qayıdıb yenə içki içərsə, Uca Allah qırx gün onun qıldığı namazları qəbul etməz. Əgər bu halda ölərsə, Oda girər, əgər tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Əgər (üçüncü dəfə) tövbə etdikdən sonra qayıdıb yenə içki içərsə, Uca Allah qırx gün onun qıldığı namazları qəbul etməz. Əgər bu halda ölərsə, Oda girər, əgər tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Əgər dördüncü dəfə içərsə, Uca Allahın üzərində ona Cəhənnəm əhlinin içkisini içirtmək haqq olar". Səhabələr soruşdular: "Ey Allahın Elçisi, Cəhənnəm əhlinin içkisi nədir?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Cəhənnəm əhlinin irini". (İbn Macəh, 3377). Hədisin başqa bir rəvayəti belədir: Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Bir dəfə sərxoşluğundan dolayı namazını tərk edən şəxsin misalı, bütün dünya və onun üzərindəkilər ona məxsus ikən, əlindən zorla qəsd edilərək alınan şəxs kimidir". Kim şərxoşluğu ucbatından dörd dəfə namazı tərk edərsə, o şəxsə Xəbəl palçığı içirtmək Allaha borc olar". Dedilər: Xəbəl palçığı nədir? O: "Cəhənnəm əhlinin içkisi" - deyə cavab verdi" (İmam Əhməd 2/178, əl-Hakim 4/146).
Etdiyi günahdan asılı olmayaraq Uca Allah bu dünyada tövbə edənin tövbəsini bağışlayır. Bu hədis məna etibarilə Uca Allahın bu ayəsinə bənzəyir: "Kim bir mö­mi­ni qəsdən öldü­rərsə, onun cəzası içə­ri­sin­də əbədi qala­cağı Cəhən­nəm olar. Allah ona qəzəb­lə­nər, onu lənət­lə­yər və onun üçün bö­yük bir əzab hazırlayar". (ən-Nisa, 93). İbn Kəsir bu ayənin təfsirində demişdir: "Əbu Hureyra (Allah ondan razı olsun) və bir çox sələflərin dediyinə görə ayənin mənası: "Əgər Allah qatili cəzalandırmış olsaydı, cəzası bu olardı" - deməkdir. Bu cümlənin mənası budur ki: "Əgər qatil cəzalandırılacaq olsaydı, cəzası bu olardı". Böyük günah sahiblərinin cəzası barədə gələn təhdidlər də bu mənadadır. Yaxşı və pis əməllərin tərəzidə çəkilərək çoxluq təşkil edənin azı silib apardığını və ya azaltdığını deyənlərə görə qatilin bu cəzaya layiq olmasına onun etdiyi yaxşı əməlləri mane ola bilər. (Quran və hədislərdə) təhdid mənasında gələn dəlillər barədə deyiləcək sözlərin ən gözəli də budur. Ən doğrusunu isə Uca Allah bilir." Bu səbəbdən tövbə etdikdən sonra yaxşı əməllərinizi və nafilə ibadətlərinizi artırın. Çünki yaxşı əməllər günahların bağışlanmasına səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114).
Həmçinin oxuyun: Tövbə etsəm, Allah məni bağışlayarmı?
Paylaş: