Keçmişdə insanları incitmişəm, Allah məni bağışlayarmı?

    22.10.2020
Sual: 
Salam men kecmisdr isdemeden insanlari incitmisem cox pesmanaam Allah meni bagislayar??
Cavab: 
Aleykum salam. Etdiyiniz əməldən peşman olmağınız tövbənin əlamətlərindəndir. Uca Allah tövbə edən hər kəsin tövbəsini qəbul edir. Lakin əgər edilən günahla başqa insanların haqqı tapdalanıbsa, bu halda tövbənin qəbul olması üçün haqqı tapdalanan insanlardan halallıq alınmalıdır. Bu səbəbdən imkan daxilində incitdiyiniz insanlarla halallaşın. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qoy birisinin na­musuna toxunmaqla və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, bu gün, dinar və dirhəmin fayda verməyəcəyi gün gəlməmişdən əvvəl ondan halallıq diləsin. Əgər Qiyamət günü onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər və zülm etdiyi adama verilər; yox əgər savabı ol­maz­sa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyu­lar". (Səhih əl-Buxari, 2449). Əgər incitdiyiniz insanların hamısından halallıq almaq mümkün deyilsə, o zaman haqqını tapdaladığınız insanlar üçün dua edin, onlar üçün Allahdan bağışlanma diləyin və məclislərdə onlar barədə yaxşı sözlər söyləyin. Həmçinin, yaxşı əməllərinizi artırın çünki həqiqətən yaxşı əməllər pis əməlləri silib aparır. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: