Uşaqlar günahsız olduqları halda nə üçün ölürlər?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, yaşadığımız dünya imtahan dünyasıdır və Uca Allah bizi imtahan etmək üçün yaradıb. Yaşadığımız dünya keçici həyatdır, müvəqqətidir və hər bir canlı gec-tez ölümü dadacaqdır. Uca Allah buyurur: "Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır" (əl-Mulk, 2). Ölüm bizə ağır gəlsə də, əslində bir həyatdan digərinə keçiddir. Uca Allah buyurur: "Hər kəs ölümü dadacaq. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (əl-Ənbiya, 35). Bu dünyaya gələn hər bir insanın müəyyən bir əcəli vardır və bu əcəl gəldikdə nə bir saniyə gecikər, nə də tezləşər. Uca Allah buyurur: "Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər" (əl-Əraf, 34).
Digər tərəfdən diqqət etsək günahsız uşaqların və insanların həyatlarını itirdikləri müharibələr və xəstəliklər biz insanların etdikləri əməlləridir. Halbuki Uca Allah bizi bu əməllərdən çəkindirmişdir. Uca Allah buyurur: "İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar" (ər-Rum, 41). İnsanların etdikləri günahlara görə Uca Allah bəlalar göndərir. Bəla gəldikdə isə bütün insanları bürüyər. Uca Allah buyurur: "Elə bir bəladan qorxun ki, o, sizlərdən təkcə zalım olanlara üz verməz (hamınızı bürüyər). Bilin ki, Allah şiddətli cəza verəndir" (əl-Ənfal, 25). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Ümmətim arasında günah işlər artdığı zaman Allah onların hamısına Öz tərəfindən əzab göndərər”. Mən dedim: “Ey Allahın Elçisi! Məgər o gün onların arasında əməlisaleh insanlar olmayacaqmı?” Peyğəmbər dedi: “Əlbəttə ki, olacaq”. Mən dedim: “Bəs onların aqibəti necə olacaq?” Peyğəmbər dedi: “Hamıya gələn əzab onları da bürüyəcək. Sonra əməlisaleh insanlar Allahın mərhəmətinə və rizasına qovuşacaqlar” (Əhməd (6/304). Həmçinin oxuyun:
Allah bizi niyə yaradıb, dünyada pislik olmasa olmazdımı?
Əqli qüsurlu insanlar Qiyamət günü imtahan olunacaqlarmı?
İnsanların çoxu Cəhənnəmə gedəcəksə, Allah onları niyə yaradıb?