Qorxunun neçə növü var?

    18.06.2014
Sual: 
Salam aleykum. Qorxunun neche novu vardir?
Cavab: 

Və aleykum Salam. Qorxunun dörd növü var:

1. Allah qorxusu.

Bu növ qorxu ibadətdir. Allahın əzabından, əzəmətliyindən qorxaraq haramları tərk etmək, qadağalarından çəkinmək, əmrlərinə və vaciblərinə əməl etməkdir. Günahların içində ən böyük olanı isə Allaha şərik qoşmaqdır. Allahdan başqasına dua etməmək, qurban kəsməmək, and içməmək və s. Uca Allah buyurur: "O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!" (Ali İmran, 175).
Başqa bir ayədə buyurur: "İnsanlardan qorxmayın, Məndən qorxun!" (əl-Maidə, 44).
Həmçinin buyurur: "Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir". (İbrahim, 14).
Bu növ qorxunun imanla birbaşa əlaqəsi vardır. İmanın artmasına və azalmasına təsir edir. İman artdıqca Allah qorxusu çoxalır. Bu səbəbdən Peyğəmbərlərin, alimlərin qorxusu ilə adi insanların qorxusu eyni deyildir. Uca Allah buyurur: "Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar". (Fatir, 28).
Bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Mən sizin içinizdə Allah barədə ən çox biləniniz və Allahdan ən çox qorxanınızam". (Səhih əl-Buxari və Səhih Muslim).

2. Şirk sayılan qorxu. 

Bu növ qorxu ən təhlükəli qorxudur. Çünki, bu növ qorxu insanı İslamdan çıxara bilər. Bundan Allaha sığınırıq! Şirk sayılan qorxu dedikdə - bir insanın məxluqdan ona təzim edərək, ona boyun əyərək və sevərək qorxmasıdır. Bu növ qorxu əsasən xurafatlara inanan insanlarda olur. Hansısa bir ölmüş və ya sağ olan insana Allaha aid olan sifətləri (hər yerdə eşidir, hər şeyi görür, xeyir və şər toxundura bilir və s.) verməklə gizlində və aşkarda ondan qorxmaq kimi. Həmçinin, hər hansısa bir qəbirdən, ağacdan, əşyadan ona təzim edərək, zərər və xeyir verməsini etiqad edərək qorxmaq da bu növə daxildir. Müsəlman yalnız Allaha təzim edərək, Allahı sevərək və Ona boyun əyərək Ondan qorxmalıdır. Uca Allah bu xüsusda buyurur: "Allah: "İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!"– dedi. (ən-Nəhl, 51).
İbn əl-Qeyyim (rahiməhullahu) Uca Allahın: "O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!" (Ali İmran, 175) ayəsi barədə demişdir: "Uca Allah bu ayədə bu növ qorxunu yalnız Ona aid etməyi əmr edərək, bunun imanın şərti olduğunu bildirmişdir". Bəzi insanlarda yalandan Allaha and içmək adi olduğu halda, hansısa pirə, qəbir sahibinə və ya seyidin cəddinə heç vaxt yalandan and içməz. Çünki ondan Allahdan qorxduğu kimi və ya ondan da şiddətli qorxu ilə qorxurlar. Bu isə açıq şirkdir.

3. Haram qorxu.

Bu, insanlardan qorxaraq, vacib əməli tərk etmək, yaxud haram işi görməkdir. Kasıblıqdan qorxaraq haram qazanca əl atmaq, münaqişədən qorxaraq ailənin haqlarını qorumamaq və digər hallar buna misal ola bilər. Bu qorxudan qurtulmaq üçün Allahın qədərinə iman gətirmək, zərərin və xeyrin yalnız Allahın izni ilə baş verdiyini bilmək, qorxaqlığa qarşı Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) öyrətdiyi zikrləri çox oxumaq, peyğəmbərlərin, səhabələrin və onların ardıcıllarının həyatını öyrənərək onlardan nümunə götürmək lazımdır. Uca Allah döyüşdən qorxanlar barəsində buyurur: "Evlərində oturub öz qardaşları barəsində: "Əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər"– söyləyənlərə de: "Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!" (Ali-İmran, 168).
Həmçinin, buyurur: "De: "Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər". (Ali-İmran, 154). Həmçinin, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Kim gecə qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaqdan qorxarsa, "Subhanəllahi və bihəmdihi" - deməyi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Allaha Onun yolunda dağ boyda qızılı xərcləməkdən daha sevimlidir". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 7800).
Səhabələr döyüşdə məğlub və yaralı vəziyyətdə ikən onların Allaha təvəkkül edərək heç kimdən qorxmaması haqqında Uca Allah buyurur: "Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!"– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O nə gözəl Qoruyandır!"– dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir". (Ali-İmran, 173).
Daha ətraflı:
Qədərə iman gətirməyin faydaları 
Qorxaqlığa qarşı dualar

4. İcazəli qorxu.

Buna təbii qorxu da deyilir. Bu növ qorxu tək insan deyil bütün məxluqatın təbiətində var. Məsələn, hündürlükdən, vəhşi heyvanlardan, bədbəxt hadisələrdən, zülmət gecədən, düşməndən və s. qorxmaq kimi. Uca Allah Musa (Allahın ona salamı olsun) barədə buyurur: "Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: "Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!"– dedi. (əl-Qasas, 21).
Həmçinin, Yaqub (Allahın ona salamı olsun) oğullarına belə demişdir: "Onu aparmağınız məni narahat edər. Həm də qorxuram ki, sizin başınız oyuna qarışıb onu nəzarətsiz qoyduqda, canavar onu yesin". (Yusuf, 13).
Bu növ qorxu insanın təbiətindən olduğu üçün bu növ qorxunun olması insanda zəiflik sayılmır. Lakin bəzən bu növ qorxu həddindən artıq olur və insanda psixi pozuntu əmələ gətirir. Məsələn, təyyarəyə minməkdən qorxmaq, daim təqib olunmaqdan qorxmaq, qapalı yerlərdən qorxmaq kimi. Belə qorxu şeytanın vəsvəsəsidir və bunun müalicəsi Allaha pənah aparmaq və Allahdan yardım diləməkdir. Hədislərdə bildirilmişdir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dualarında tez-tez qorxaqlıqdan Allaha sığınardı. Yuxarıda qeyd edilmiş linkdə bu duaları oxuya bilərsiniz.

Paylaş: