Şeytan insanı zikr və dua etməyə yönəltməklə azdıra bilərmi?

    09.06.2025
Sual: 
OKP(Obsessiv Kompulsiv Pozğunluq) (OKB) adlandırılan və vəsvəsədən ibarət bir xəstəlik (tibbdə) var bildiyiniz kimi.məsələn evdən çölə çıxanda qapını bağlayır və dəfələrlə təkrar yoxlayır.Öz etdiyinə şübhəsi olur.Bu dediyim bunun ən bəsit formasıdır.Elə insanlar varki bu çox şeydə baş verir və həyatı zindan edir. Bir yerdən sonra insan bundan qurtulmaq üçün dinə zikrə, duaya üz tutur. Lakin onda da duada,zikrdə vəsvəsə yaşayır. Bir duanı minlərlə sayda etməsə rahatlaşa bilmir. Müəyyən şeyi etməsə cəzalandırılacağını fikirləşir. Ona bunlar vəsvəsədir deyəndə şeytan niyə məni dinə ,zikrə, duaya, yaxşı şey etməyə yönləndirsin deyir.Şeytan insana doğru şeylər etməyi üçün vəsvəsə verə bilərmi?
Cavab: 

Əssələmu aleykum. Dinimiz hər şeydə orta yolu tutmağı əmr etdiyi kimi, ibadət, zikr və itaətlərdə də orta yolu tutmağı buyurur. Orta yolu tutmaq isə yalnız Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salami olsun) yoluna tabe olmaqla mümkündür. Şeytan insanı orta yolu tutmaqdan yayındırmaq üçün iki əsas qapısı vardır. Bu iki qapı vasitəsilə o, mömin bəndəni Allahın dinindən döndərməyə, itaətdən yayındırmağa, doğru yoldan və Allahın razı olduğu həyat tərzindən sapdırmağa çalışar. Bu iki yol – 1) Şəkk və şübhə qapısı; 2) Şəhvət və nəfsə xoş gələnaq arzular qapısıdır.

Şeytan bir müsəlmanda günaha meyil və harama sevgi gördükdə, o günahları onun gözündə bəzəyər, könlündə gözəlləşdirər, nəfsində cazibədar göstərər. Beləcə, bəndə şəhvətlərinin arxasınca qaçar, nəfsinin istəklərinə tabe olar, axırda isə dinindən və Rəbbinin itaətindən uzaqlaşar.

Əgər bir insanda dinə bağlılıq, Rəbbinə itaətə can atmaq, haramlardan və şəhvətlərdən uzaq durmaq istəyi varsa, bu dəfə şeytan ona başqa cür yaxınlaşar. O insana şübhələr təlqin edər, onu ifrata – dində həddi aşmağa, sərtliyə, təkəbbürə və Allahın qoymadığı sərhədləri uydurmağa sövq edər. Elə bir hala gətirər ki, o insan özünün Allaha itaət etdiyini zənn etdiyi halda, əslində dinin yolundan çıxar, Allahın istədiyi tarazlıqdan uzaqlaşar. Şeytan bu yolla onu dində ifratçılığa, sərtliyə və bidətə sürükləyər.

Şeytanın əsas məqsədi insanı Allahın düz yolundan azdırmaqdır. Onun üçün hansı yolla məqsədinə çatmasının fərqi yoxdur, istər şübhə ilə, istər şəhvətlə. Əsas olan budur ki, müsəlman Allahın itaətindən ayrılsın və doğru yoldan sapmış olsun. Məhz buna görə də Qurani-Kərimdə və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salami olsun) hədislərində dində ifrata varmaq, sərtlik göstərmək və dinin hədlərini aşmaqdan çox ciddi şəkildə çəkindirilmişdir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Dində xırdaçılıq edənlər, ifrata varanlar həlak oldular". O bunu üç dəfə təkrar etdi". (Muslim, 2670). Burada xırda məsələləri böyütmək nəzərdə tutulmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dində  həd­dinizi aşmaqdan çəkinin, çünki bu sizdən əvvəlkiləri həlak et­­mişdir". (Əhməd, İbn Məcəh və başqaları). Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: