Bir hədisdə Peyğəmbərimiz salavatın ona çatdığını deyir, bəs dualar necə?
Və aleykum Salam. Tövhid əqidəsində olmaq böyük bir nemətdir və Uca Allahdan buna görə şükür etmək və sabitlik istəmək lazımdır. Uca Allah sizi tövhid əqidəsində sabit etsin!
Sualın cavabına gəlincə, bəli, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bildirir ki, kim ona salavat deyərsə, mələklər ona bu salavatı çatdırır, salam deyərsə Uca Allah onun ruhunu qaytarır ki, bu salamı qaytarsın. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu xüsusda belə buyurur: “Kim mənə salam verərsə Uca Allah mənə ruhumu qaytarar ki, ona salamını qaytarım” (Əbu Davud, 2041); Əhməd (10815). Bu barədə ətraflı oxuyun:
Peyğəmbərə salavat gətirməyin fəzilətinə aid hədislər
Lakin bu qeyd olunanlar salam və salavata aiddir. Bu o demək deyil ki, istənilən dualar Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ərz olunur. Dua edərkən yalnız Allahı çağırmaq lazımdır. Rəvayət edilir ki, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfatından sonra qıtlıq və quraqlıq üz verdikdə Ömər ibn Xəttab (Allah ondan razı olsun) Abbas ibn Abdul-Muttəlibin (Allah ondan razı olsun) vasitəsilə Allahdan yağmur diləyib və belə dua edib: “Allahım, biz Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vasitəsilə Səndən yağmur diləyərdik, Sən də bizə yağmur endirərdin. İndi isə biz Peyğəmbərimizin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmisinin vasitəsilə Səndən yağmur diləyirik, bizə yağmur endir!”– deyərdi. Sonra deyərdi: "Ey Abbas! qalx və dua et". Allah da onlara yağmur nazil edərdi. (əl-Buxari, 1010). Sözsüz ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Abbasdan (Allah ondan razı olsun) daha fəzilətlidir və əgər Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) istəmək icazəli olsaydı Ömər (Allah ondan razı olsun) Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qoyub onun əmisi Abbasdan dua etməyini istəməzdi. Həmçinin oxuyun: