Yoldaşım qəlbimi qırdıqdan sonra namazı tərk etmişəm, indi qayıda bilmirəm

    18.07.2026
Kimdən: 
Kamale
Sual: 
Salam.Menim yoldasim 3il evvel qelbimi berk qirib.Ogunnen beri namazi demek olarki qilmiram.Hevesim öldu her şeye.Sarsildim davadan sora.Arada ozume guc geliremki qilim ama 2gun qilib biraxiram.Her şeyi yoxladim. Bilirem namazi terk elemek olmaz,sozlerin menasinida bilirem,qilanda tesevir eleyiremki Allahin qarsisinda dayanmişam, million defe tovbe etmişem ama qilammiram. Erincekliyim imanimdan gucludu.Ne zikr,ne sade dua elemek istemirem, namaz hevesi yoxdu ne lezzet,ne huşu yoxdu.cox nadir halda olur.Gunahdi qilmamaq ama sanki adileşib. Ve Allahdan qorxumda azdi,bile bile edirem.Ne cavab verecem bilmirem, Allaha dua ediremki ureyime Allah qorxusu,iman,sevgi salsin,Alinmir.ne edim?
Cavab: 

Və aleykum Salam. Sualınızdan görünür ki, sizi incidən hadisə qəlbinizdə dərin iz buraxıb. Yaşadığınız hadisə nə qədər ağır olsa da, bilin ki, çətinlik və sıxıntı zamanı namazı tərk etmək deyil, namaza daha çox sarılmaq lazımdır. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir" (əl-Bəqərə, 45). Huzeyfə ibn əl-Yəmən (Allah ondan razı olsun) belə demişdir: “Peyğəmbərə bir çətinlik üz verəndə namaz qılardı”. (Əhməd, 23347, 23688; Əbu Davud, 1319). İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir: "Uca Allahın: “Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir” - ayəsinin mənası belədir: "Yəni, həqiqətən, namaz Allaha itaətdə boyun əyənlər, qüdrətindən qorxanlar, mükafatını və əzabını təsdiq edənlər istisna olmaqla digərlərinə ağır bir yük və məşəqqətdir”. Məhz qəlb qırıldığı, dərd və sıxıntı artdığı zaman möminin ilk sığındığı yer namaz olmalıdır. Çünki qəlblər yalnız Allahı yad etməklə rahatlıq tapır. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28). Şeytan isə əksinə, insanı Allahdan uzaqlaşdıraraq onun kədərini daha da artırmaq istəyir. Namaz qılmadıqca qəlbinizin düzələcəyini gözləməyin. Əksinə, qəlb məhz namazla dirilir. İnsan xəstələnəndə dərmanı sağalandan sonra içmir, sağalmaq üçün içir. Namaz da qəlbin dərmanıdır. Siz "ürəyimdə Allah qorxusu yoxdur" deyirsiniz, amma Allah qorxusu da itaətlə artır. Qapını döyməyənə qapı açılmaz.

Sonda bilin ki, Qiyamət günü ilk soruşulan əməl namaz barədə olacaq. Sizi incidən insanların hesabı ayrıca görüləcək. Amma namaz barədə sual veriləndə onların etdikləri sizin üçün üzr olmayacaq. Elə isə qoy sizi incidən bir insan, sizi Rəbbinizdən ayıran səbəb olmasın. Rəbbinizə qayıdın, Ona çox dua edin və bilin ki, Allaha doğru atılan hər səmimi addım qarşılıqsız qalmaz. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam”. Allaha and olsun ki, Allah bir qulunun tövbəsinə sizdən biri­ni­zin səhrada itirdiyi azuqəsini tapıb sevindiyindən daha çox sevinir. Allah buyurur: “Kim Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm” (Muslim, 2675, 4927, 7128). Həmçinin oxuyun:

Paylaş: