Əbu Bəkr Fatiməni qəzəbləndirdiyi üçün ona "həzrət" deyib hörmət etmək nə dərəcədə doğrudur?
Əssələmu aleykum. Səhih Buxaridə Fatimənin (Allah ondan razı olsun) Əbu Bəkrə (Allah ondan razı olsun) qəzəbləndiyi və onunla danışmadığı rəvayət olunub. Lakin həmin rəvayətin davamında Əlinin (Allah ondan razı olsun) Əbu Bəkrə (Allah ondan razı olsun) beyət etdiyi, onun fəzilətini və haqqını etiraf etdiyi, aralarındakı məsələni barışıqla həll etdikləri açıq şəkildə qeyd olunur. Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki: Fatimə və Abbas Əbu Bəkrin yanına gəlib Peyğəmbərdən ﷺ qalan miraslarını tələb etdilər. Həmin vaxt onlar Peyğəmbərin ﷺ Fədəkdəki torpağından olan payını və Xeybərdəki payını istəyirdilər. Əbu Bəkr (Allah ondan razı olsun) onlara dedi: "Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: "Biz peyğəmbərlər miras qoymarıq. Nə qoyub getmişiksə o, Allah yolunda sədəqədir". Sonra Əbu Bəkr hədisi Zühridən, Uqeylin rəvayət etdiyi hədisin mənasına uyğun şəkildə nəql etdi. Lakin bu rəvayətdə belə bir əlavə vardır: "Sonra Əli (Allah ondan razı olsun) ayağa qalxdı, Əbu Bəkrin haqqını və fəzilətini ucaltdı, onun fəzilətini və İslamda olan əvvəlki xidmətlərini qeyd etdi. Sonra Əbu Bəkrin yanına gedərək ona beyət etdi. Bundan sonra insanlar Əlinin yanına gəlib dedilər: "Doğru və yaxşı etdin". Beləliklə, insanlar işin əvvəlki vəziyyətinə yaxınlaşdıqda Əliyə daha yaxın oldular". (Səhih Muslim, 1759).
Sualda qeyd etdiyiniz "Fatimə mənim canımın bir parçasıdır, hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbləndirib" hədisi isə Əli barədə rəvayət olunub. Əli Əbu Cəhlin qızı ilə evlənmək niyyətində olduqda Fatimə buna qəzəbləndi və Peyğəmbərin ﷺ yanına gəlib şikayət etdi. Peyğəmbər ﷺ buyurdu: "Fatimə mənim canımın bir parçasıdır, hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbləndirib". Bunun ardınca Əli (Allah ondan razı olsun) həmin evlilik niyyətindən vaz keçdi. Bu hadisə Səhih Buxaridə rəvayət olunub. O halda belə çıxır ki, Əli Fatiməni qəzəbləndirdiyi üçün onun barədə də "həzrət" sözünü demək doğru deyil.
Həmçinin rəvayət olunur ki, Əbu Bəkr (Allah ondan razı olsun) Fatimənin yanına gəlib onunla barışmışdır və Fatimə sonda ondan razı qaldığını bildirmişdir. Bu da məsələnin düşmənçilik və nifrətlə bitmədiyini göstərir. Rəvayət edilir ki, Fatimə (Allah ondan razı olsun) xəstələndikdə Əbu Bəkr əs-Siddiq (rAllah ondan razı olsun) onun yanına gəldi və içəri daxil olmaq üçün icazə istədi. Əli (Allah ondan razı olsun) dedi: "Ey Fatimə! Bu, Əbu Bəkdir, sənin yanına daxil olmaq üçün icazə istəyir". Fatimə dedi: "Onun içəri daxil olmasına razısanmı?" Əli dedi: "Bəli". Bundan sonra Fatimə ona icazə verdi. Əbu Bəkr içəri daxil oldu və Fatimənin könlünü almağa çalışdı. O dedi: "Allaha and olsun ki, mənim tərk ediyim ev, mal, ailə və qəbilə yalnız Allahın razılığını, Onun Elçisinin ﷺ razılığını və sizin – Əhli-beytin – razılığınızı qazanmaq üçündür". Sonra Əbu Bəkr Fatimənin könlünü almağa davam etdi və nəhayət, Fatimə ondan razı qaldı". (əl-Beyhəqi, 3/603).
Əbu Bəkrə "həzrət" deyib hörmət etməyin Allah qatında cəzası yoxdur. Əksinə, Əbu Bəkrə hörmət etmək dinimizin buyurduğu əmrdir. Səhabələri, xüsusilə Əbu Bəkr, Ömər, Osman və Əlini (Allah onların hamısından razı olsun) sevmək və onlara hörmət etmək İslam dininin etiqadındandır. Həmçinin oxuyun:
Fatimənin ölənə qədər Əbu Bəkrdən küsülü qalması doğrudurmu?
Əli ibn Əbu Talibin Fatimə vəfat edənədək ikinci dəfə evlənməməsinin səbəbi nə olub?