Uşaqlar və Allaha iman gətirənlər Qiyamət əzabını görəcəklərmi?

    01.10.2026
Sual: 
Salam. Uşaqlar və Allaha iman gıtirənlər qiyamət əzabını görəcəklərmi? Səhv etmirəmsə, Qurani-Kərimdə belə ayə var idi, süd verən analar uşağını qoyub qaçacaq. Yəni bu görəcəklərmi mənasına gəlir?
Cavab: 

Və aleykum Salam. Əvvəla qeyd edək ki, Qiyamət günü baş verən hadisələrlə Cəhənnəm əzabını bir-birindən ayırmaq lazımdır. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, Qiyamət saatının zəlzələsi çox dəhşətli bir şey olacaq. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir". (əl-Həcc, 2). Bu ayə Qiyamət hadisələrinin dəhşətindən danışır. Süd verən ananın uşağını unutması onun mütləq Cəhənnəmə düşəcəyi və ya uşağın Cəhənnəm əzabını görəcəyi mənasına gəlmir. İbn Kəsir bu ayənin təfsirində belə deyir: "Daha sonra Uca Allah bu günü açıqlayaraq belə buyurur: “...hər bir əm­zikli qadın əmiz­dirdi­yi­ni unu­da­caq”, yəni insanlar gördüklərinin qorxusundan onlara ən sevimli olan və ən çox şəfqət göstərdikləri şəxsləri unudacaqlar. Bu haldan qorxuya düşüb əmizdirdik­ləri uşağı belə unudacaqlar. Odur ki Uca Allah ayədə “...hər bir əm­zikli qadın...” mənasını verən مُرْضِعَةٍ كُلُّ [kullu murdiatin] buyurur, "süd əmən uşaq" mənasını verən مُرْضِعٍ [murdiin] buyurmur. “...əmiz­dirdi­yi­ni unu­da­caq...”, yəni əmzikli qadın süddən kəsilməmiş uşağını unudacaq. 

Uca Allah buyurur: “...hər bir hamilə qa­dın bət­nin­dəkini sala­caqdır”, yəni hamilə qadın qorxunun şiddətindən hamiləlik müddətini tamamlamadan yükünü salacaq. “İnsan­ları sər­xoş gö­rə­­cəksən”, yəni insanları düşdükləri halın şiddətindən ağılları getmiş, zehinlərini itirmiş halda görərsən. Onları görən onların sərxoş olduqlarını sanar, “hal­buki onlar sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir”. (Sitatın sonu).


Uşaqlar isə həddi-büluğa çatmadıqları üçün mükəlləf sayılmırlar. Peyğəmbər ﷺ Meraca getdikdə İbrahimi (Allahın ona salamı olsun) və onun yanında müsəlman və müşriklərin həddi-buluğa çatmadan ölmüş uşaqlarını görmüşdür. (əl-Buxari, 7047). Bu barədə ətraflı oxuyun?


Deməli, Qiyamətin sarsıntısını və dəhşətli hadisələrini görmək başqa şeydir, Cəhənnəm əzabına məruz qalmaq isə başqa şeydir. Ayədəki süd verən anaların uşaqlarını unutması Qiyamətin dəhşətinin böyüklüyünü göstərir, onların əzaba düçar olacaqları anlamına gəlmir. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: