Fərz və nafilə namazlarında qunut tutmaq olarmı?

    26.10.2026
Kimdən: 
.
Sual: 
السلام عليكم ورحمة الله وبركاته Belə müsibətlər zamanı qunut tutmaq istəyiriksə hər fərz namazında sadəcə 1 rükətində mi edilir? Yəni hər namazda 1 dəfə? (Elə isə hansı rükətdə etmək yaxşıdır?) Həm fərz həm sünnət namazlarında edə bilərik? Fərz namazlarında qunut dualarını əzbərləyənə qədər hələ əlləri açmadan öncə uzanıb telefonu götürmək və ordan oxumaq kimi hərəkətlər etmək namazımıza xələl gətirər mi? Və sadəcə ərəbcə dualar edilməlidir? جزاكم الله خيرا
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Qunut duası müsəlmanlara üz verən ciddi müsibətlər zamanı Allahdan yardım diləmək üçün namazda edilən duadır. Qunut duasını beş vaxt fərz namazların hamısında edilə bilər. Qunut namazın yalnız bir rükətində edilir. Ən münasib yer sonuncu rükətdə rükudan qalxdıqdan sonradır. Hər rükətdə təkrarlanmır. Deməli, məsələn, sübh namazında ikinci rükətdə, zöhr namazında dördüncü rükətdə, məğrib namazında üçüncü rükətdə və işa namazında dördüncü rükətdə rükudan qalxdıqdan sonra qunut etmək olar. İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir ay boyunca ardıcıl olaraq Zöhr, Əsr, Məğrib, İşa və Sübh namazlarının hər birinin sonunda qunut tutardı. Sonuncu rükətdə rükudan qalxıb "səmi Allahu limən həmidəh" dedikdən sonra qunut edər, Bənu Süleym qəbiləsinin Ril, Zəkvan və Usayyə qollarına bəddua edərdi. Onun arxasında namaz qılanlar isə duasına "Amin" deyərdilər”. (Əbu Davud, 1443). Həmçinin hədislərdə vitr namazının sonuncu rükətində qunut tutmağın icazəli olduğu da sabitdir. Həsən ibn Əlidən (Allah onların hər ikisindən razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona vitr namazının qunutunda belə dua etməyi öyrətmişdir: "Allahım! Hidayət verdiklərinin sırasında mənə də hidayət ver! Salamatlıq bəxş etdiklərinin sırasında mənə də afiyət bəxş et! Dost tutduqlarının sırasında məni də dost tut! Mənə verdiklərini bərəkətli et! Qərar verdiyin şeylərin şərindən məni qoru! Həqiqətən, Sən hökm verirsən, Sənə isə hökm verilmir. Sənin dost tutduğun kəs zəlil olmaz, Sənin düşmən tutduğun kəs isə izzət tapmaz. Ey Rəbbimiz! Sən bərəkət sahibisən və ucalsan! Səndən (əzabından) yalnız Sənə sığınmaqla qurtulmaq mümkündür". (Əbu Davud, 1213). Nafilə namazlarında qunut tutmağa gəlincə, bu əməl Peyğəmbərdən (ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun səhabələrindən rəvayət olunmamışdır. Bildiyimizə görə, hədis kitablarında da bu barədə hər hansı bir rəvayətə rast gəlməmişik.

Namaz daxilində ərəb dilini bilməyən şəxsin öz dilində dua etməsi icazəlidir. Bu barədə ətraflı oxuyun:

Teqlər: 
Paylaş: