Günahların əvf olunması ilə bağışlanması (məğfirət) arasında fərq nədir?

    29.11.2026
Sual: 
لسلام عليكم ورحمة الله وبركاته Müəllim, bildiyimə görə Allah subhənəhu və təalədən əfv istəmək günahların heç işlənməmiş kimi silinməsi, məğfirət isə üzərinin örtülməsi buna görə cəzaya layiq olmamaqdır Əfv məğfirətdən daha üstündürsə bəs nəyə görə namazlarda bir çox yerdə vəya sünnədə gələn əksər dualarda Rəbbimizdən əfv yox məğfirət istəyirik? Bilmək istəyirəm xüsusi səbəbi varmı yoxsa sünnədə belə gəldiyi üçün? بارك الله فيكم
Cavab: 

Və aleykum Salam va rahmətullahi va bərakətuhu. Bəzi alimlər belə qənaətə gəlmişlər ki, əfv məğfirətdən daha əhatəli və daha üstün məna ifadə edir. Çünki əfv günahın tamamilə silinməsi, məğfirət isə onun örtülməsidir. Əbu Həmid əl-Qəzali (Allah ona rəhmət etsin) demişdir: "Uca Allahın "Əfv edən" (əl-Əfuvv) adı günahları silən və xətaları bağışlayıb onlardan keçən deməkdir. Bu ad "əl-Ğafur" adına yaxındır, lakin ondan daha əhatəli məna daşıyır. Belə ki, məğfirət örtməyi, əfv isə silməyi ifadə edir. Silmək isə örtməkdən daha üstün məna daşıyır". (əl-Məqsad əl-Əsna, səh. 140). Muhəmməd Munir əd-Diməşqi (Allah ona rəhmət etsin) demişdir: "Uca Allahın əfv etməsi günahların bütün izlərinin tamamilə aradan qaldırılması deməkdir. Belə ki, Allah həmin günahları əməl dəftərindən silər, Qiyamət günü bəndəni onlara görə sorğu-sual etməz və həmin günahları mələklərin qəlbindən də unutdurar ki, bəndə onları xatırladarkən xəcalət çəkməsin. Həmçinin hər bir günahın yerinə bir savab yazar. Əfv məğfirətdən daha əhatəlidir. Çünki məğfirət örtməyi, əfv isə silməyi ifadə edir. Silmək isə örtməkdən daha üstün məna daşıyır". (ən-Nəfəhat əs-Sələfiyyə, səh. 87). 
Digər alimlər isə belə qənaətə gəlmişlər ki, məğfirət əfvdən daha əhatəli və üstün məna daşıyır. Çünki məğfirət günahların örtülməsini, əzabın aradan qaldırılmasını və savabın əldə edilməsini ehtiva edir. Əfvə gəlincə, o, mütləq şəkildə günahın örtülməsini və savabın verilməsini tələb etmir. İbn Cuzeyy (Allah ona rəhmət etsin) demişdir: "Əfv günaha görə cəzalandırmaqdan vaz keçməkdir. Məğfirət isə bununla yanaşı, günahı örtməyi də ehtiva edir. Rəhmət isə bütün bunlarla yanaşı, nemətlər bəxş etməyi də əhatə edir". (ət-Təshil, 1/143). 

Fəxrəddin ər-Razi (Allah ona rəhmət etsin) öz təfsirində (7/124) demişdir: "Əfv insanın üzərindən cəzanın götürülməsidir. Məğfirət isə xəcalət və rüsvayçılıq əzabından qorumaq üçün onun günahının örtülməsidir. Sanki bəndə belə deyir: "Səndən məni əfv etməyini istəyirəm. Məni əfv etdikdən sonra isə günahımı örtməyini diləyirəm". 

əl-Kəfəvi (Allah ona rəhmət etsin) demişdir: "Məğfirət cəzanın aradan qaldırılmasını və savabın əldə edilməsini ehtiva edir. Buna yalnız mömin layiq görülür və bu məna yalnız Uca Allah haqqında işlədilir. Əfv isə qınağın və məzəmmətin aradan qaldırılmasını ehtiva edir, lakin savabın verilməsini zəruri etmir..." (əl-Külliyyat, səh. 666). 
əl-Əskəri (Allah ona rəhmət etsin) "əl-Furuq" kitabında (səh. 413–414) əfv və məğfirət arasındakı fərq barədə belə demişdir:
"Məğfirət ilə əfv arasındakı fərq budur ki, məğfirət cəzanın aradan qaldırılmasını ehtiva edir. Cəzanın aradan qaldırılması isə savabın vacib olmasını tələb edir. Buna görə də məğfirətə yalnız savaba layiq olan mömin layiq görülür. Elə bu səbəbdən də məğfirət yalnız Allah haqqında işlədilir. Belə ki, "Allah səni bağışlasın" deyilir, lakin istisna hallar xaricində "Zeyd səni bağışladı" deyilmir...

Əfv isə qınağın və məzəmmətin aradan qaldırılmasını ehtiva edir, lakin savabın verilməsini zəruri etmir. Buna görə də bu ifadə bəndə haqqında da işlədilir. Məsələn, "Zeyd Amrı əfv etdi" deyilir. Zeyd Amrı əfv etdikdə, ona mütləq savab verməli deyil.
Lakin əfv və məğfirətin mənaları bir-birinə yaxın olduğundan, onların mənaları bir-birinə qarışmış və Uca Allahın sifətləri haqqında eyni mənada işlədilmişdir. Belə ki, "Allah onu əfv etdi" və "Allah onu bağışladı" ifadələri eyni mənada işlədilir.
Bu iki sözün hansı ön qoşma ilə işlədilməsi də dediklərimizi təsdiqləyir. Belə ki, عَـفَـا عَـنْهُ "əfa anhu" dedikdə, ondan bir şeyin aradan qaldırılması nəzərdə tutulur. غَـفَـرَ لَهُ "Ğafara ləhu" dedikdə isə ona bir şeyin bəxş edilməsi mənası ifadə olunur". 
Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: "Əfv Allahın həmin şəxslər üzərindəki haqqından vaz keçməsini və onları bu baxımdan bağışlamasını ehtiva edir. Məğfirət isə onları günahlarının şərindən qorumasını, onlara yönəlməsini və onlardan razı qalmasını ehtiva edir. Bu, sadəcə əfv etməkdən fərqlidir. Çünki bir kəs onu əfv etdiyi insana yaxınlaşmadan və ondan razı qalmadan da əfv edə bilər. Beləliklə, əfv sadəcə vaz keçməkdir. Məğfirət isə ehsan, lütf və comərdlikdir". (Məcmuul-Fətava, 14/140).
Bununla da aydın olur ki, məğfirət əfvdən daha əhatəli və üstün məna daşıyır. Çünki məğfirət yaxşılıq və əta etmək mənalarını da özündə birləşdirir. Beləliklə, "əfv" və "məğfirət" arasındakı fərqin belə izah edilməsi "məğfirətin günahın əməl dəftərində qalmaqla Allah tərəfindən bağışlanması, əfvin isə günahın əməl dəftərindən silinməsi ilə bağışlanması" heç bir dəlillə təsdiqlənmir. Həmçinin oxuyun:

Allahın "əl-Afuvvu" adının mənası
Allahın "əl-Ğafur" adının mənası

Teqlər: 
Paylaş: