Allahdan qeyrisinə dua etmək şirkdir

    30.06.2015

Dua ibadətin ən böyük növlərindəndir, hətta ibadətin özəyidir. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Dua ibadətin elə özüdür.” (Sünən ət-Tirmizi, 2969). Uca Allah buyurur: “Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (Ğafir, 60).
Dua ibadət olduğuna görə Allahdan başqasına dua etmək şirk sayılır. Peyğəmbərə, övliyaya, mələyə, qəbirə və ya digər məxluqlara dua edən kəs Allaha şərik qoşmuş olur. Uca Allah buyurur: "Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!" (əl-Cinn, 18)
 Kim Allahla yanaşı başqa bir məbuda dua edirsə - bunun üçün onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar!" (əl-Muminun, 117).
"Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər" (əl-Əraf, 197)
"Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan" (Yunus,106)

Duanın ibadət və Allahdan qeyrisinə edilməsinin isə şirk olmasına başqa bir dəlil Uca Allahın bu ayəsidir: “Onlar gəmiyə mindikləri zaman dini yalnız Allaha məxsus edərək, Ona yalvarırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar” (əl-Ənkəbut, 65).
Bu ayədə Allah müşriklərin xoş günlərində Allah şərik qoşduqlarını, bəla gəldikdə isə Allaha dua etdiklərini bildirərək bunu pisləyir. Bəs görəsən həm xoş gündə, həm də bəla gəldikdə Allaha şərik qoşanların halı necə olacaqdır?!

Paylaş: